Apple yeni süni intellekt imkanlarını ödənişli edir
Apple WWDC 2026 tədbirində təqdim etdiyi yeni Apple Home süni intellekt funksiyalarının istifadəsi üçün istifadəçilərdən ən azı 2TB-lıq iCloud+ abunəliyinə sahib olmağı tələb edəcək. Məlumat şirkətin macOS Golden Gate beta versiyasının qeydlərində təsdiqlənib.
Hazırda 2TB iCloud+ planının aylıq qiyməti 9,99 ABŞ dollarıdır. Bu paket həmçinin aylıq 37,95 dollar olan Apple One Premier abunəliyinə də daxildir. Apple hansı AI funksiyalarının bu məhdudiyyətə daxil olduğunu tam açıqlamasa da, söhbətin əsasən HomeKit Secure Video üçün nəzərdə tutulan yeni süni intellekt analiz sistemindən getdiyi bildirilir. Bu funksiya təhlükəsizlik kameralarının görüntülərini analiz edərək insanları, obyektləri və müxtəlif hadisələri müəyyənləşdirə, həmçinin hadisələrin xronoloji ardıcıllığını avtomatik şəkildə yarada bilir.
İstifadəçilər Apple Home tətbiqində vacib hadisələri daha rahat axtara, prioritet bildirişlər əldə edə və uzun video qeydlərini daha asan nəzərdən keçirə biləcəklər. Digər yeniliklər, o cümlədən bildirişlərin qruplaşdırılması və 4K HomeKit Secure Video dəstəyi isə əlavə abunə tələb etmir. Bunun səbəbi həmin funksiyaların Apple-ın süni intellekt modellərindən istifadə etməməsidir. Qeyd edək ki, iCloud+ paketlərində kamera sayı da abunə səviyyəsinə görə dəyişir. 50GB planı maksimum 2, 200GB planı isə 5 təhlükəsizlik kamerasını dəstəkləyir. Limitsiz kamera dəstəyi və yeni AI funksiyarı üçün isə 2TB paketi tələb olunur. Apple-ın gələcəkdə ayrıca süni intellekt abunəliyi təqdim edib-etməyəcəyi isə hələlik məlum deyil.
Paylaş