Apple yenidən titan korpusa qayıda bilər
Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple-ın gələcək iPhone modellərində istifadə edəcəyi materiallarla bağlı yeni iddia ortaya çıxıb. Məlumata görə, şirkət iPhone 17 Pro modelində alüminium çərçivəyə keçid etməyi planlaşdırsa da, sonrakı nəsillərdə titan materialına yenidən qayıda bilər. “Instant Digital”ın Weibo paylaşımına əsasən, Apple titan materialından tamamilə imtina etmir və əksinə, gələcək iPhone modelləri üçün daha təkmil titan ərintiləri üzərində araşdırmalar aparır. Mənbə həmçinin bildirir ki, şirkət maye metal (liquid metal) və şüşə əsaslı korpus texnologiyalarını da araşdırmağa davam edir.
Apple son illərdə cihaz materialları ilə bağlı bir neçə dəfə istiqamət dəyişib. Şirkət əvvəlcə premium iPhone modellərində paslanmayan poladdan istifadə edirdi. Daha sonra isə iPhone 15 Pro seriyasında çəki azaldılması məqsədilə titan materialına keçid etmişdi. Apple təqdimat zamanı titanı cihazın əsas dizayn üstünlüklərindən biri kimi vurğulamışdı. Titan materialın üstünlükləri ilə yanaşı, bəzi çatışmazlıqları da var. Bu material alüminiumla müqayisədə daha çətin emal olunur, istehsalı daha bahadır və istiliyi daha zəif ötürür. Xüsusilə iPhone 15 Pro seriyası ilə bağlı yayılan qızma müzakirələri fonunda istilik idarəetməsi məsələsi daha çox diqqət çəkməyə başlamışdı.
Müasir smartfonlarda oyun performansı, yüksək keyfiyyətli video çəkilişi, süni intellekt funksiyaları və lokal hesablama prosesləri artdıqca, istilik yayılması cihaz performansında əsas faktorlardan birinə çevrilib. Bu baxımdan alüminium daha effektiv istilik ötürməsi və istehsal rahatlığı səbəbilə mühüm üstünlük hesab olunur. Məlumata görə, Apple gələcəkdə titan materiala qayıdarsa, bu, alüminiumun uğursuz olması deyil, əksinə titanla bağlı istilik və çəki problemlərinin həll edilməsi mənasına gələ bilər.
Paylaş