main-post-cover

    ASUS ROG Phone 7 və ROG Phone 7 Ultimate təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    13.04.2023
    Emil Nəcəfov
        ASUS şirkəti ROG Phone 7 gaming smartfon seriyasını təqdim edib. Təqdim edilmiş yeni smartfon seriyasına iki model daxil olub. ROG Phone 7 və ROG Phone 7 Ultimate. Bu yeni smartfonlar keçən ilki ROG Phone 6 modellərindən xarici görünüşcə demək olar fərqlənmirlər. Lakin texniki göstəricilər baxımından yeni smartfonlarda irəliləyiş var. ROG Phone 7 ilə ROG Phone 7 Ultimate texniki göstəricilər baxımından eynidirlər. Onlar hətta xarici görünüşcə də bir-birilərinə bənzəyirlər. Sadəcə olaraq Ultimate modelinin iki əsas fərqləndirici özəlliyi var. Onlardan biri odur ki, onun arxa panelində 2 düym ölçülü ekran yerləşir. İkinci əsas fərq isə soyutma sistemi ilə bağlıdır. Ultimate modeli AeroActive adlı gövdə elementinə sahibdir. Bu, faktiki olaraq smartfonun arxa panelində yerləşən qapaqdır.
        Həmin qapaq açıldığı zaman smartfonun daxili hissəsinə daha çox soyuq hava daxil olur. Bu da Ultimate modelinin soyutma sisteminin əsas özəlliklərindən biridir. Lakin nəzərə almaq lazımdır ki, sözügedən arxa qapaq yalnız smartfona AeroActive Cooler 7 adlı soyutma cihazının qoşulu olduğu zaman açılır. Bu soyutma cihazı isə Ultimate modelinin komplektində mövcuddur. Beləliklə hər iki smartfon 165 Hz-lik təsvir yenilənməsinə sahib 2448x1080 piksel keyfiyyətli 6.78 düym AMOLED ekran ilə təchiz olunub. Smartfonların ekranları həmçinin Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunublar və özlərində barmaq izi skanı texnologiyasını birləşdirirlər. Smartfonların gövdələri həmçinin IP54 standartı üzrə sudan qorunur və onlar özlərində kontaktsız ödənişlər üçün NFC çipi, naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi və stereo səsgücləndiriciləri birləşdirirlər.
        Əsas texniki göstəricilər baxımından ilk növbədə qeyd etmək lazımdır ki, həm ROG Phone 7 həm də ROG Phone 7 Ultimate Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışır və onlar 65 vatt gücündə sürətli şarj texnmologiyalı 6000 mAh enerji tutumlu batareyaya sahibdirlər. Adi ROG Phone 7 modeli 12 GB RAM 256 GB  daxili yaddaş həcmi, ROG Phone 7 Ultimate modeli isə 16 GB RAM512 GB daxili yaddaş həcmi ilə təchiz olunub. Kameralar da smartfonlarda eynidir. Belə ki, hər iki smartfon 50 MP (f/1.9 diafraqma, faza avtofokusu (PDAF)) + 13 MP (f/2.4 diafraqma, 125 dərəcə bucaq əhatəsi) + 5 MP (f/2.0 diafraqma) üçlü arxa kamera və 32 MP-lik ön kamera ilə təchiz olunub. Hər iki smartfon Android 13 vasitəsilə çalışır. Satış qiymətlərinə gəldikdə isə adi ROG Phone 7 modeli 1000 avroya, ROG Phone Ultimate modeli isə 1400 avroya satılır.
    Linki kopyala