
ASUS keçən ilin iyul ayında Zenfone 9 adlı flaqman smartfonunu təqdim etmişdi. İndi isə onun davamçısı olacaq Zenfone 10 hazırlanır. Yeni smartfonun yaxın həftələr ərzində təqdim ediləcəyi gözlənilir. Məlum olub ki, ASUS hazırlanan Zenfone 10-un səhvən satış qiymətini sızdırıb. Belə ki, şirkət öz saytında Zenfone 10 ilə bağlı səhifə yaradıb və həmin səhifə çərçivəsində istifadəçilər arasında sorğu keçirib.
Məlumatda qeyd edilib ki, sorğuda iştirak edənlər Zenfone 10-un təqdimatından sonra yeni smartfon qazanmaq şansını əldə edəcəklər. Lakin şirkət uduş barəsində məlumatlar arasında səhvən Zenfone 10-un satış qiymətini yerləşdirib. Məlumata əsasən yeni smartfon 749$-a satılacaq. Gözləntilərə əsasən ASUS Zenfone 10 flaqman smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.3 düym ekran, Snapdragon 8 Gen 2 prosessoru, 200 MP-lik əsas arxa kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.