Avropa İttifaqı Google-a Android və Search üçün yeni tələblər qoydu
Avropa Komissiyası Rəqəmsal Bazarlar Aktı (DMA) çərçivəsində Google-un Android əməliyyat sistemi və Google Search xidmətində rəqib şirkətlərə daha geniş imkanlar təqdim etməsini tələb edib. Qərara əsasən, Google Android platformasında Gemini süni intellekt köməkçisinə verdiyi sistem imkanlarını digər AI köməkçilərinə də təqdim etməlidir. Bu isə gələcəkdə Avropa İttifaqında istifadəçilərin ChatGPT, Claude, Perplexity və digər süni intellekt köməkçilərini cihazın əsas köməkçisi kimi seçə bilməsinə imkan yarada bilər.
Yeni tələblər çərçivəsində alternativ AI köməkçiləri səsli əmrlərə cavab vermək, tətbiqlərlə qarşılıqlı işləmək və telefonun aparat imkanlarından Gemini-yə bənzər şəkildə istifadə etmək hüququ əldə edə biləcək. İstifadəçilər hansı köməkçinin bu imkanlardan istifadə edəcəyinə özləri qərar verəcəklər. Avropa Komissiyasının ikinci qərarı isə Google Search xidmətində toplanan məlumatlarla bağlıdır. Google axtarış sistemindən əldə olunan bəzi məlumatlar rəqib axtarış sistemləri və AI çatbotları üçün də əlçatan olmalıdır. Məqsəd bu xidmətlərin Google ilə daha bərabər şərtlərdə rəqabət aparmasını təmin etməkdir.
Paylaş