Avropa İttifaqı Google-a qarşı qalib gəldi
Google Avropa İttifaqının ona qarşı tətbiq etdiyi rekord məbləğdə antimonopoliya cəriməsini ləğv etdirmək cəhdində uğursuz olub. Avropa Ədalət Məhkəməsi şirkətin son apellyasiya şikayətini də rədd edib və beləliklə, 4,1 milyard avro məbləğində cərimə qüvvədə qalıb. Sözügedən cərimə ilk dəfə 2018-ci ildə Avropa Komissiyası tərəfindən tətbiq edilmişdi. Tənzimləyici qurum Google-u Android əməliyyat sistemindən bazardakı üstün mövqeyini gücləndirmək üçün istifadə etməkdə ittiham edirdi. İddialara görə, şirkət smartfon istehsalçılarını və mobil operatorları Google Axtarış və Chrome brauzerini əvvəlcədən quraşdırmağa təşviq edir, bununla da rəqiblərin bazara çıxışını çətinləşdirirdi.
Google son illərdə Avropa İttifaqının tələblərinə uyğun olaraq bəzi siyasətlərində dəyişikliklər etsə də, məhkəmə şirkətin keçmiş fəaliyyətinin rəqabət qaydalarını pozduğuna dair qərarı qüvvədə saxlayıb. Qeyd edək ki, ilkin cərimə 4,34 milyard avro təşkil edirdi. Lakin 2022-ci ildə verilən qərarla məbləğ 4,1 milyard avroya endirilmişdi. Buna baxmayaraq, bu, Avropa İttifaqının indiyədək texnologiya şirkətinə tətbiq etdiyi ən böyük antimonopoliya cərimələrindən biri olaraq qalır.
Mütəxəssislər hesab edirlər ki, bu qərar Avropa İttifaqının böyük texnologiya şirkətlərinə qarşı rəqabət qanunlarını tətbiq etməkdə nə qədər sərt mövqe tutduğunu bir daha nümayiş etdirir. Qərar həmçinin digər texnologiya nəhəngləri üçün də mühüm presedent hesab olunur.
Paylaş