Beats və Nike yeni Powerbeats Pro 2-nin xüsusi versiyasını təqdim etdi
Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Beats və Nike arasında yeni əməkdaşlıq çərçivəsində Powerbeats Pro 2 – Nike Special Edition modeli rəsmi olaraq təqdim edilib. Martın 17-də elan olunan bu buraxılış daha çox dizayn və brendinq üzərində qurulub, texniki baxımdan isə standart modeldən fərqlənmir. Yeni modeldə Nike-ın məşhur “Swoosh” loqosu bir qulaqlıqda, Beats loqosu isə digərində yerləşdirilib. Qulaqcıqlar qara mat rəngli korpus və Nike-ın “Volt” aksentləri ilə tamamlanır. Şarj qutusunun iç hissəsində isə “JUST DO IT” şüarı yer alır.
Texniki xüsusiyyətlərə gəldikdə, cihaz əvvəlki kimi Apple tərəfindən hazırlanan H2 çipi ilə işləyir. Bu çip adaptiv aktiv səsboğma (ANC), şəffaflıq rejimi və Adaptive EQ kimi funksiyaları dəstəkləyir. Ürək döyüntüsünün monitorinqi funksiyası da qorunub saxlanılıb və Apple-ın Fitness ekosistemi ilə inteqrasiya olunur. Batareya ömrü dəyişməyib: şarj qutusu ilə birlikdə 45 saata qədər, tək qulaqlıqlarla isə 10 saata qədər istifadə mümkündür. Cihaz həm simsiz şarjı, həm də USB-C vasitəsilə enerji doldurmanı dəstəkləyir. Bundan əlavə, IPX4 standartına uyğun olaraq tər və suya davamlılıq xüsusiyyəti saxlanılıb.
Ekspertlərin fikrincə, bu əməkdaşlıq texnoloji yenilikdən çox marketinq addımı kimi qiymətləndirilir. Beats brend olaraq Nike ilə əməkdaşlıq sayəsində mədəni təsirini genişləndirir, Nike isə texniki istehsal məsuliyyəti olmadan istehlakçı elektronikası sahəsinə daxil olur. Powerbeats Pro 2 – Nike Special Edition modeli martın 20-dən satışa çıxarılacaq və qiyməti 249.99 dollar təşkil edir.
Paylaş