main-post-cover

    Büdcəli Samsung Galaxy A14 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    05.01.2023
    Emil Nəcəfov
        Samsung şirkəti özünün 2023-cü ildə ilk smartfon modelini təqdim edib. Söhbət, Samsung Galaxy A14 5G-dən gedir. Sözügedən yeni smartfonun əsas özəllikləri arasında orta səviyyəli ekran, böyük həcmli batareya və hələ təqdim edilməmiş Galaxy S23-ün arxa panel dizaynı var. Qeyd etmək lazımdır ki, Galaxy A14 5G modeli Galaxy A13-ün davamçısı rolunda çıxış edir. Yeni smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym LCD ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib.
        Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bununla yanaşı smartfon özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir. Smartfonun dəqiq şəkildə hansı prosessor ilə təchiz olunduğu bilinmir. Belə ki, Samsung bu barədə heç bir məlumat verməyib. Mənbələrin bir hissəsi qeyd edir ki, smartfon Exynos 1330 prosessoru, digər hissəsi isə qeyd edir ki, MediaTek Dimensity 700 prosessoru vasitəsilə çalışır. Hər halda yaxın zamanda bu barədə dəqiq məlumat ortaya çıxmalıdır.
        Digər texniki göstəricilər baxımından Galaxy A14 5G modeli 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 50 MP + 2 MP + 2 MP üçlü arxa kamera, 13 MP-lik ön kamera və 15 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon OneUI 5.0 interfeysli Android 13 vasitəsilə çalışır. Galaxy A14 5G bu ayın ortasında ilk növbədə ABŞ-da satışa çıxacaq və onun qiyməti 190$-dan başlayacaq. Bir neçə aydan sonra isə smartfon Avropa bazarında satışa çıxmalıdır.
    Linki kopyala