ByteDance və Tencent Çinə minlərlə NVIDIA H200 çipi gətirir
Çin süni intellekt sahəsində fəaliyyət göstərən yerli şirkətlərin daha güclü modellər hazırlamasına kömək etmək üçün NVIDIA-nın yüksək performanslı H200 çiplərinin ölkəyə gətirilməsinə qoyulan məhdudiyyətləri yumşaltmağa başlayıb. Financial Times-ın məlumatına görə, ByteDance və Tencent son həftələr ərzində hər biri 10 min ədəd NVIDIA H200 çipinin Çinin materik hissəsinə idxalı üçün icazə alıb. Bu çiplər şirkətlərin daha böyük və qabaqcıl süni intellekt modellərini öyrətməsinə imkan verəcək. Məlumata əsasən, yaxın zamanda digər Çin texnologiya şirkətləri də oxşar həcmdə H200 tədarükü üçün icazə ala bilərlər. Həm ByteDance, həm də Tencent hazırda öz süni intellekt modelləri və AI agentləri üzərində işləyir.
Məsələnin maraqlı tərəfi odur ki, H200 uzun müddət ABŞ və Çin arasındakı texnologiya məhdudiyyətlərinin əsas mövzularından biri olub. ABŞ hökuməti bu çiplərin Çinin hərbi texnologiyalarının inkişafında istifadə oluna biləcəyindən narahat olduğu üçün onların ölkəyə satışını qadağan etmişdi. 2025-ci ilin dekabrında isə ABŞ yalnız təsdiqlənmiş Çin şirkətlərinə H200 almağa icazə verdi. 2026-cı ilin mayında ABŞ-ın H200 almaq üçün icazə verdiyi 10 Çin şirkəti arasında ByteDance və Tencent-in də olduğu bildirilmişdi. İndi isə həmin çiplərin faktiki olaraq şirkətlərə çatdırılmasına başlanıldığı görünür.
ByteDance və Tencent-in hər birinə ümumilikdə 100 minə qədər H200 almağa icazə verildiyi bildirilir. Bununla belə, Çin hökuməti bütün çiplərin ölkə daxilinə gətirilməsini istəmir. Səbəb yerli yarımkeçirici sənayesini və Çin istehsalı AI çiplərini dəstəkləməkdir. Financial Times yazır ki, Çin rəsmiləri şirkətlərə sifariş etdikləri çiplərin böyük hissəsini Honq-Konqda saxlamağı tövsiyə edib. Maraqlıdır ki, hazırda nə ByteDance-ın, nə də Tencent-in Honq-Konqda bu çiplərdən geniş istifadə edə biləcəyi məlumat mərkəzləri mövcuddur.
Beləliklə, Çin bir tərəfdən NVIDIA-nın güclü çiplərindən istifadə edərək yerli şirkətlərin ABŞ-dəki rəqiblərlə AI yarışında geri qalmamasına çalışır, digər tərəfdən isə xarici çiplərdən asılılığı azaltmaq üçün öz yarımkeçirici sənayesini qorumağa davam edir. Çin süni intellekt sahəsində fəaliyyət göstərən yerli şirkətlərin daha güclü modellər hazırlamasına kömək etmək üçün NVIDIA-nın yüksək performanslı H200 çiplərinin ölkəyə gətirilməsinə qoyulan məhdudiyyətləri yumşaltmağa başlayıb.
Paylaş