Cash App 6–12 yaşlı uşaqlar üçün yeni maliyyə proqramı təqdim etdi
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, texnologiya şirkətləri daim yeni istifadəçi auditoriyası axtarır və Cash App bu dəfə diqqətini uşaqlara yönəldib. Block şirkətinə məxsus olan platforma artıq yeniyetmələr üçün xidmətlər təqdim edirdi, indi isə 6–12 yaş arası uşaqları da əhatə edən yeni proqramını elan edib.
Yeni sistemə əsasən, valideynlər övladları üçün xüsusi hesab yarada biləcəklər. Uşaqlar tətbiqə birbaşa giriş əldə etməyəcək, lakin onların adına açılmış hesablar valideynlər tərəfindən idarə olunacaq. Valideynlər bu hesablara pul köçürə, xərcləri izləyə və nəzarətdə saxlaya biləcəklər. Uşaqlara isə bu hesablara bağlı debet kart veriləcək və onlar gündəlik alış-verişlərdə bu kartdan istifadə edə biləcəklər.
Bundan əlavə, hesablar yalnız valideynlərin təsdiq etdiyi şəxslərdən pul qəbul edə biləcək. Şirkətin açıqlamasına görə, bu hesablarda illik 3.25 %-ə qədər faiz gəliri əldə etmək də mümkün olacaq.
Cash App nümayəndəsi bildirib ki, bu addımın əsas məqsədi uşaqlara erkən yaşdan maliyyə savadlılığı qazandırmaqdır. Platformada mövcud olan “allowance” (müntəzəm cib xərcliyi) funksiyası vasitəsilə valideynlər uşaqlara planlı şəkildə pul köçürə və onlara qənaət etməyi öyrədə bilərlər.
Paylaş