Dell XPS 13 satışa çıxarıldı
Dell ötən ay təqdim etdiyi yeni XPS 13 noutbukunun satışlarına start verib. Şirkətin yeni büdcə seqmentinə aid modeli artıq həm onlayn, həm də fiziki mağazalarda əldə edilə bilər. Yeni Dell XPS 13 tələbələr üçün 599 dollar, digər istifadəçilər üçün isə 699 dollar başlanğıc qiyməti ilə təklif olunur. Şirkət bu modellə xüsusilə təhsil sektorunu və gündəlik istifadəçiləri hədəfləyir.
XPS 13-ün təqdimatı Apple-ın yaxın zamanda elan etdiyi büdcə yönümlü MacBook Neo modelindən qısa müddət sonra baş tutub. Təhsil bazarı üçün nəzərdə tutulan MacBook Neo artıq müsbət rəylər toplamağı bacarıb. Hətta Apple ABŞ-də yerləşən Kansas City Dövlət Məktəbləri ilə əməkdaşlıq çərçivəsində 4500-dən çox MacBook Neo tədarükü barədə razılıq əldə edib.
Dell-in yeni XPS 13 modelinin də oxşar uğur qazanıb-qazanmayacağı yaxın aylarda məlum olacaq. Bununla belə, münasib qiyməti və təhsil yönümlü strategiyası sayəsində modelin bazarda diqqət çəkməsi gözlənilir.
Paylaş