Delta təyyarələrində interneti Amazon təmin edəcək
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, ABŞ-nin ən böyük hava yollarından biri olan Delta Air Lines təyyarədaxili internet xidmətini təmin etmək üçün Amazon-un aşağı Yer orbitli peyk şəbəkəsi olan Amazon Leo ilə əməkdaşlıq edəcəyini açıqlayıb. Yeni peyk Wi-Fi xidməti 2028-ci ildən etibarən istifadəyə veriləcək və ilkin mərhələdə 500 Delta təyyarəsində quraşdırılacaq.
Amazon bildirir ki, Leo peyk interneti aşağı gecikmə (low-latency) ilə çalışacaq və 1 Gbps-ə qədər yükləmə, 400 Mbps-ə qədər isə göndərmə sürəti təqdim edəcək. Bu sürətlər sərnişinlərə uçuş zamanı film və serial izləmək, oyun oynamaq, işləmək və internetdən demək olar ki, yerüstü şəbəkə kimi istifadə etmək imkanı verəcək. Şirkətin açıqlamasına görə, Delta SkyMiles üzvləri üçün bu Wi-Fi xidməti pulsuz olacaq və Delta-nın uçduğu 300-dən çox istiqamətdə istifadə edilə biləcək.
Amazon hazırda aşağı Yer orbitində təxminən 200 peykə malikdir və bu sayın yaxın illərdə sürətlə artırılması planlaşdırılır. Bu əməkdaşlıq Amazon-un peyk internet bazarında SpaceX-in Starlink xidmətinə qarşı rəqabətini gücləndirmək məqsədi daşıyır. Qeyd edək ki, Starlink artıq Alaska Airlines, United Airlines və British Airways kimi bir sıra aviaşirkətlərlə əməkdaşlıq edir.
Delta və Amazon arasında əməkdaşlıq yeni deyil. Delta artıq 2020-ci ildən etibarən rezervasiya sistemləri və tətbiqlər də daxil olmaqla 600-dən çox sistemini Amazon Web Services (AWS) bulud platformasına köçürüb. Yeni razılaşma göstərir ki, yaxın illərdə təyyarələrdə yüksək sürətli internet artıq lüks deyil, standart xidmətə çevriləcək.
Paylaş