Logo
    main-post-cover

    DoorDash öz dronları ilə çatdırılma xidmətinə hazırlaşır

    Cihazlar+
    29.07.2026
    Sevinj
        ABŞ-nin qida və məhsul çatdırılması platforması DoorDash öz dron çatdırılması biznesini qurmağa başlayıb. Şirkət DoorDash Air adlanan yeni layihə çərçivəsində təkcə dronlarla çatdırılma xidməti göstərməyi deyil, həm də öz dronlarını hazırlamağı planlaşdırır. DoorDash Air layihəsinin elan edilməsi şirkətin ABŞ Federal Aviasiya Administrasiyasından (FAA) Part 135 hava daşıyıcısı sertifikatı almasından sonra baş tutub. Bu sertifikat DoorDash-a ABŞ ərazisində kommersiya dron çatdırılması xidmətini qanuni şəkildə həyata keçirməyə imkan verir. Lakin bu, DoorDash dronlarının yaxın günlərdə restoranlardan sifarişləri müştərilərə çatdırmağa başlayacağı demək deyil. Şirkət öz dronlarının real çatdırılmalarda nə vaxt istifadəyə veriləcəyini açıqlamayıb. İlkin mərhələdə dronların operatorun görmə məsafəsində və qısa marşrutlarda sınaqdan keçirilməsi gözlənilir.
    DoorDash and Wing Announce Pilot Program to Make Drone Delivery Available  Via DoorDash App in Australia | DoorDash
        Dronların operatorun birbaşa görmə sahəsindən kənarda və daha uzun məsafələrdə avtonom uçması üçün isə DoorDash FAA-dan Beyond Visual Line of Sight (BVLOS) texnologiyası üzrə əlavə icazə almalıdır. Amazon, WingZipline kimi şirkətlər artıq bu istiqamətdə müvafiq icazələr əldə ediblər. DoorDash öz dronlarını hazırlasa da, mövcud tərəfdaşlıqlarından imtina etmir. Şirkət Wing və Flytrex ilə dron çatdırılması sahəsində əməkdaşlığını davam etdirəcək. DoorDash və Wing arasında əməkdaşlıq 2022-ci ildə Avstraliyada başlayıb, daha sonra ABŞ-nin bəzi şəhərlərinə də genişləndirilib. DoorDash Air şirkətin robototexnika və avtonom sistemlər üzərində çalışan DoorDash Labs bölməsi tərəfindən hazırlanıb. Bu komanda daha əvvəl Dot adlı avtonom çatdırılma robotunu təqdim etmişdi. Səkilərdə hərəkət edən Dot artıq ABŞ-nin bir sıra şəhərlərində istifadə olunur. DoorDash-ın əsas məqsədi insan kuryerləri tamamilə dronlarla əvəz etmək deyil. Şirkət insan kuryerləri, dronlar və yerüstü çatdırılma robotlarını vahid logistika şəbəkəsində birləşdirmək istəyir.
    Paylaş