main-post-cover

    DxOMark saytına görə Honor Magic 5 Pro hal hazırda dünyanın ən yaxşı kameralarına sahib smartfonudur

    Cihazlar+
    28.02.2023
    Emil Nəcəfov
        Ən yaxşı kameralara sahib smartfonları test etmiş DxOMark saytı bu mövzuda yeni lideri müəyyənləşdirib. Söhbət, dünən MWC 2023 sərgisi çərçivəsində təqdim edilmiş Honor Magic 5 smartfon seriyasına daxil olan Magic 5 Pro modelindən gedir. Belə ki, DxOMark-ın nəticələrinə əsasən Honor Magic 5 Pro smartfon modeli “Photo”, “Bokeh” və “Zoom” kateqoriyalarında ən yaxşı nəticələr sərgiləmiş smartfon olub. “Sözügedən smartfon “Photo” kateqoriyasında 154 xal, “Bokeh” kateqoriyasında 80 xal, “Zoom” kateqoriyasında isə 156 xal toplayıb. Smartfonun video imkanları isə 144 xal ilə qiymətləndirilib.
        Video imkanlar məsələsində Honor Magic 5 Pro modeli iPhone 14 Pro Max-dan bir qədər geridə qalıb. Belə ki, Apple şirkətinin flaqman smartfonu video imkanlar kateqoriyasında 149 xal toplayır. DxOMark bildirib ki, Magic 5 Pro-nun kameralarında sadəcə bir neçə kiçik çatışmzlıq var. Məsələn bəzi hallarda kameranın cəftəsi gec işə düşür, HDR rejimində ekranın kontrastlığı aşağı düşür, o cümlədən bəzən fotolarda ayrı-ayrı elementlərin təbii olmayan cizgiləri görünür. Beləliklə Honor Magic 5 Pro-nun kameralar mövzusunda əldə etmiş olduğu ümumi DxOMark nəticəsi 152 xal təşkil edib. O bu reytinqin əvvəlki lideri olmuş Huawei Mate 50 Pro-nu 3 pillə qabaqlayıb.
    Linki kopyala