Logo
    main-post-cover

    Dyson Supersonic Travel ilə daha kompakt və yüngül modelə keçdi

    Cihazlar+
    21.04.2026
    Sevinj
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Dyson Supersonic hair dryer modelinin səyahət üçün nəzərdə tutulmuş daha kompakt versiyasını təqdim edib.
        Yeni Supersonic Travel saç qurudan əvvəlki modelin texnologiyasını qoruyub saxlasa da, ölçü və çəki baxımından daha rahat istifadə üçün optimallaşdırılıb. Cihaz əvvəlki versiyadan təxminən 32 % daha kiçik, 25 % isə daha yüngüldür və bu da onu çanta və ya əl yükündə daşımaq üçün uyğun edir. Qiyməti isə 299.99 dollar olaraq müəyyən edilib.
        Dyson bildirir ki, bu model müxtəlif ölkələrdə istifadə üçün avtomatik gərginlik uyğunlaşdırması funksiyasına malikdir. Bu xüsusiyyət tez-tez səyahət edən istifadəçilər üçün əlavə rahatlıq yaradır. Eyni zamanda, əvvəlki Supersonic modelinə sahib olan istifadəçilər üçün də müsbət xəbər var: yeni model köhnə aksessuarlarla uyğun işləyir və əlavə aksesuar almağa ehtiyac qalmır.
        Qeyd edək ki, bu, Supersonic seriyasında ilk yenilik deyil. Şirkət 2024-cü ildə daha çox peşəkar stilistlər üçün nəzərdə tutulmuş Supersonic r modelini təqdim etmişdi. Həmin model daha incə dizaynı, eləcə də istilik və hava axınını avtomatik tənzimləyən RFID texnologiyalı başlıqları ilə fərqlənirdi.
        Son illərdə Dyson saç baxımı kateqoriyasına ciddi şəkildə fokuslanıb. Şirkət yalnız saç qurudanlarla kifayətlənməyərək Airwrap buruq aləti, Corrale düzləşdirici və Airstrait kimi cihazlarla bazarda mövqeyini genişləndirib. Bu məhsullar sosial mediada geniş populyarlıq qazanıb və digər markaların alternativ modellər təqdim etməsinə səbəb olub.
     
    Paylaş