
Elektromobil istehsalçısı NIO öz ilk smartfonu NIO Phone-nu təqdim edib - QİYMƏTİ
Mobil Cihazlar
21.09.2023
Emil Noisy
Çinin elektromobil istehsalçısı olan NIO şirkəti NIO Phone adlı ilk smartfonunu təqdim edib. Sözügedən yeni smartfon öz flaqman texniki göstəriciləri ilə yanaşı fərdi istifadəçi interfeysi ilə də seçilir. Beləliklə NIO Phone smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 6.81 düym Samsung E6 ekranla təchiz olunub. Ekranın kənar hissələri əyilmiş dizaynda reallaşdırılıb və onun yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşdirilib. Üstəlik ekranın maksimal parlaqlıq səviyyəsi 1800 nit təşkil edir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. NIO Phone-nun gövdəsi IP68 standartı üzrə sudan qorunur və özündə Dolby Atmos dəstəkli səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.

Əsas texniki göstəricilərə gəldikdə, smartfon Snapdragon 8 Gen 2 prosessoru, 12/16 GB RAM, 512 GB/1 TB daxili yaddaş həcmi, 50 MP (optik stabilizasiya) + 50 MP (makroçəkiliş üçün avtofokus, 110 dərəcə bucaq əhatəsi) + 50 MP (optik stabilizasiya, 2.8 qat optik zoom) üçlü arxa kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. NIO Phone həmçinin 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını və 10 vatt gücündə ikitərəfli şarj texnologiyasını dəstəkləyir. Şirkət smartfonun ön kamerasının neçə MP olduğu barəsində məlumat verməyib. NIO Phone SkyUI interfeysli Android 13 vasitəsilə çaklışır. SkyUI istifadəçi interfeysi sözügedən smartfonun əsas fərqləndirici özəlliklərindən biridir.

Belə ki, bu istifadəçi interfeysi NIO elektromobillərinin idarəsi üçün nəzərdə tutulmuş bir neçə tətbiqi özündə birləşdirir. Ümumilikdə NIO Phone vasitəsilə şirkət elektromobillərində 30 funksiyanı idarə etmək mümkündür. Həmin funksiyalar arasında elektromobil qapılarının açılması, elektromobillər üçün səyahət marşrutunun təşkili, elektromobil pəncərələrinin idarəsi və s. var. NIO Phone-nun Çində satışlarına 28 sentyabr tarixində start veriləcək. Onun qlobal bazarda satışları hələ planlaşdırılmır. Smartfonun Çin bazarındakı satış qiymətlərinə gəldikdə isə 12 GB RAM-a və 512 GB yaddaşa sahib versiya 888$-a, 12 GB RAM-a və 1 TB yaddaşa sahib versiya 943$-a, 16 GB RAM-a və 1 TB yaddaşa sahib versiya isə 1025$-a satılacaq.

Linki kopyala
Həftənin xəbərləri

