Elon Musk nəhəng çip zavodunun enerjisini təbii qazdan alacaq
SpaceX ABŞ-nin Texas ştatında inşa etməyi planlaşdırdığı nəhəng Terafab yarımkeçirici zavodunun elektrik enerjisini əsasən təbii qaz elektrik stansiyalarından əldə edəcək. Layihədə Tesla tərəfdaş olsa da, şirkətin günəş panellərindən istifadə edilməsi ilə bağlı hələlik hər hansı plan açıqlanmayıb. Bloomberg-in məlumatına görə, SpaceX-in enerji və məlumat mərkəzlərinin inkişafına rəhbərlik edən Riley Trettel ictimai toplantıda şirkətin Terafab üçün elektrik enerjisini özü istehsal edəcəyini bildirib. Zavodun enerji infrastrukturu çərçivəsində böyük həcmli batareya sistemlərinin də quraşdırılması nəzərdə tutulur. Maraqlı məqam odur ki, Terafab layihəsi ilə bağlı indiyədək açıqlanan məlumatlarda Tesla-nın günəş enerjisi texnologiyalarından istifadə edilməsi qeyd olunmur. Halbuki Tesla günəş panelləri və enerji saxlama sistemləri istehsal edir və Terafab layihəsinin tərəfdaşlarından biridir.
Elon Musk son dövrlərdə təbii qaza əsaslanan enerji istehsalına daha çox diqqət ayırır. xAI-ın Memfisdəki məlumat mərkəzləri də böyük ölçüdə təbii qazdan istifadə edir. Bundan əlavə, Musk bu sahədə fəaliyyət göstərən şirkət alıb, SpaceX isə qarşıdakı üç il ərzində təxminən 2,8 milyard dollar dəyərində qaz turbinləri almağı planlaşdırır. Terafab Texasın Qrayms dairəsində, Hyuston şəhərinin mərkəzindən təxminən 72 kilometr şimal-qərbdə tikiləcək. SpaceX layihə çərçivəsində 2030-cu ilə qədər ən azı 5 milyard dollar sərmayə yatırmaq və 2035-ci ilə qədər minimum 1800 daimi iş yeri yaratmaq öhdəliyi müqabilində yerli vergi güzəştləri əldə edib. Texas ştatı da layihəyə 30 milyon dollar həcmində təşviq ayırır. Terafab-ın ilkin mərhələsinin təxminən 16,8 milyard dollara başa gələcəyi gözlənilir. Zavodda SpaceX və onun xAI strukturlarının məlumat mərkəzlərində istifadə ediləcək çiplərin istehsalı nəzərdə tutulur.
Paylaş
