Epilogue SN Operator təqdim olundu
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Epilogue şirkəti bir ildən artıqdır təqdimatını gözlədiyi SN Operator adlı yeni USB qurğusunu rəsmi olaraq öncədən sifarişə açır. Qurğu PC, Mac və Steam Deck kimi portativ cihazları demək olar ki, Super Nintendo konsoluna çevirir. GB Operator-dan sonra gələn SN Operator bu dəfə Game Boy deyil, Super Nintendo (SNES) və Super Famicom üçün nəzərdə tutulub. Qurğu USB vasitəsilə kompüterə qoşulur və orijinal kartriclərdən istifadə etməklə oyunları birbaşa oynamağa imkan verir.
SN Operator Epilogue-un Playback adlı xüsusi proqramı ilə işləyir. Bu tətbiq daxili SNES emulyatoruna malikdir, lakin istifadəçi istəsə, fərqli emulyatorlardan da yararlana bilər. Super NES Mouse və ya Super Scope kimi köhnə aksesuarlarla işləyən oyunlar isə kompüter siçanı vasitəsilə idarə olunur. Qurğunun ən maraqlı xüsusiyyətlərindən biri də kartriclərin orijinallığını yoxlamaq imkanıdır. Playback proqramı vasitəsilə nadir oyun kartricinin saxta yoxsa orijinal olduğunu müəyyən etmək mümkündür. Bundan əlavə, oyunların və onların save fayllarının rəqəmsal nüsxəsi çıxarıla bilir ki, bu da köhnələn kartriclər üçün ciddi üstünlükdür.
SN Operator üçün öncədən sifarişlər 30 dekabr, saat 12:00 (ET) tarixində açılacaq. Qurğunun qiyməti 59.99 dollar təşkil edir. Bu, hələ də satışda qalacaq GB Operator-dan 10 dollar bahadır. Epilogue-un açıqlamasına görə, ilk göndərişlər 2026-cı ilin aprel ayında planlaşdırılır. Şirkət xüsusi olaraq vurğulayır ki, istifadəçilər yalnız özlərinə məxsus kartriclərin ehtiyat nüsxəsini çıxarmalıdırlar.
Paylaş
Bənzər xəbərlər