Fitbit məlumatlarını artıq birbaşa Apple Health-ə qoşmaq mümkündür
Google Fitbit istifadəçilərinin məlumatlarını birbaşa Apple Health platformasına qoşmasına imkan verən yeni funksiyanı istifadəyə verib. 9to5Mac-ın məlumatına görə, Google Health tətbiqinin 5.05 versiyası ilə istifadəçilər Fitbit-dən toplanan məşq, addım sayı, sağlamlıq göstəriciləri və digər məlumatları Apple Health ilə sinxronlaşdıra biləcəklər.
Yeni funksiyadan istifadə etmək üçün Google Health tətbiqində profil ikonuna daxil olmaq, daha sonra “Partner apps” bölməsini seçmək və Apple Health-i məlumatların paylaşılması üçün qoşmaq kifayətdir.
Əvvəllər istifadəçilər Apple Health məlumatlarını Google Health-ə idxal edə bilsələr də, əks istiqamətdə məlumat ötürülməsi mümkün deyildi. Buna görə də Fitbit məlumatlarını Apple Health-ə köçürmək üçün Power Sync for Fitbit və Fitbit to Apple Health Sync kimi üçüncü tərəf tətbiqlərindən və ya müxtəlif alternativ üsullardan istifadə etmək lazım gəlirdi.
Qeyd edək ki, Google may ayında Fitbit tətbiqini Google Health ilə əvəz edib. Yeni tətbiqin istifadəyə verilməsi zamanı istifadəçilər süni intellekt əsaslı sağlamlıq məşqçisi, interfeys və digər funksiyalarla bağlı narazılıqlarını bildiriblər. Google isə sonradan bu problemlərin bir qismini aradan qaldırıb.
Paylaş
