Fransa hökuməti Microsoft-dan uzaqlaşır
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Fransa hökuməti ABŞ texnologiyalarından asılılığı azaltmaq məqsədilə dövlət qurumlarında istifadə olunan bəzi kompüterləri Microsoft Windows əməliyyat sistemindən Linux-a keçirməyi planlaşdırdığını açıqlayıb. Qərarın əsas məqsədi ölkənin rəqəmsal infrastruktur üzərində daha çox nəzarət əldə etməsi və xarici texnologiya şirkətlərindən asılılığın minimuma endirilməsidir.
Fransanın rəqəmsal məsələlər üzrə naziri David Amiel bildirib ki, hökumət artıq ölkənin məlumatları və rəqəmsal infrastrukturu üzərində tam nəzarətə sahib olmamağı qəbul edə bilməz. Onun sözlərinə görə bu addım Fransanın “rəqəmsal taleyinə nəzarəti geri qaytarmaq” strategiyasının bir hissəsidir. Məlumata görə keçid prosesi ilk olaraq Fransanın dövlət rəqəmsal agentliyi olan DINUM-da başlayacaq. Hələlik keçidin nə vaxt tam başa çatacağı və hansı Linux distributivlərinin seçiləcəyi barədə rəsmi məlumat paylaşılmayıb.
Bu qərar Fransa hökumətinin son dövrlərdə ABŞ texnologiya şirkətlərindən uzaqlaşmaq istiqamətində atdığı ilk addım deyil. Bir neçə ay əvvəl hökumət videokonfrans üçün istifadə etdiyi Microsoft Teams platformasını da dayandıraraq, onun yerinə açıq mənbəli Jitsi bazasında qurulmuş yerli Fransız platforması Visio-ya keçəcəyini açıqlamışdı.
Fransa hökuməti əlavə olaraq ölkənin səhiyyə məlumat platformasının da ilin sonuna qədər yeni və etibarlı yerli sistemə köçürüləcəyini bildirib. Bu addım ümumilikdə Avropada artan “rəqəmsal suverenlik” siyasətinin bir hissəsi hesab olunur. Son aylarda Avropa ölkələri xarici, xüsusilə ABŞ mənşəli texnologiyalardan həddindən artıq asılılığın təhlükələri barədə daha açıq şəkildə danışmağa başlayıblar.
Paylaş