FTC Microsoft-un bulud və AI biznesini araşdırır
ABŞ-də texnologiya nəhənglərinə qarşı aparılan antiinhisar araşdırmalarının növbəti hədəfi Microsoft ola bilər. Məlumata görə, ABŞ Federal Ticarət Komissiyası şirkətin bulud xidmətləri və süni intellekt sahəsində rəqabətə zidd fəaliyyət göstərib-göstərmədiyini araşdırır. Araşdırma çərçivəsində FTC Microsoft ilə rəqabət aparan bir sıra şirkətlərə rəsmi sorğular göndərib. Tənzimləyici qurum xüsusilə Microsoft-un Azure bulud platforması ətrafında mümkün rəqabət məhdudiyyətləri və şirkətin süni intellekt bazarındakı mövqeyi ilə maraqlanır.
İddialardan biri Microsoft-un 2019-cu ildə etdiyi lisenziyalaşdırma dəyişiklikləri ilə bağlıdır. Rəqiblərin fikrincə, həmin dəyişikliklər Windows proqramlarını Azure-dan kənar bulud infrastrukturunda işlətməyi daha bahalı edib və müştəriləri Microsoft ekosistemində saxlamağa xidmət edib. Şirkət isə bu iddiaları qəbul etmir və bulud bazarında güclü rəqabətin mövcud olduğunu bildirir.
FTC həmçinin Microsoft-un məhsulları paket şəklində təqdim etməsinin bazardakı rəqabətə təsirini araşdırır. Xüsusilə Microsoft 365 və süni intellekt xidmətlərinin birgə təklif olunmasının rəqiblər üçün maneə yaradıb-yaratmadığı öyrənilir. Qeyd edək ki, Microsoft son illərdə Google, Meta, Amazon və Apple ilə müqayisədə antiinhisar təzyiqlərindən nisbətən kənarda qalmışdı. Lakin şirkətin bulud texnologiyaları və süni intellekt sahəsində sürətli böyüməsi onu yenidən tənzimləyicilərin diqqət mərkəzinə gətirib.
Paylaş