main-post-cover

    Galaxy S23 və Galaxy S23+ smartfonlarının dizaynları sərgilənib

    Cihazlar+
    28.09.2022
    Emil Nəcəfov
        OnLeaks ləqəbli məşhur insayder gələn ilin əvvəlində təqdim olunacaqları gözlənilən Galaxy S23 Galaxy S23+ smartfonlarının keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş fotolar bu smartfonların dizaynlarını hər tərəfdən qiymətləndirməyə imkan verirlər. İlk öncə Galaxy S23-dən başlayaq. Fotolardan da görmək olar ki, Galaxy S23 modeli aktual olan Galaxy S22-dən demək olar fərqlənmir. Smartfon Galaxy S22 kimi dairəvi künc hissələrə və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntıya sahibdir. Əsas fərqləndirici dizayn  özəlliyi smartfonun arxa panelindədir. Belə ki, Galaxy S22-dən fərqli olaraq Galaxy S23-də arxa kamera obyektivləri vahid kamera sahəsinin daxilində yerləşdirilməyib. Bunun yerinə hər bir kamera obyektivi bir-birindən müstəqil şəkildə yerləşdirilib.
        Bu mənada smartfonun arxa paneli Galaxy S22 Ultra modelinin arxa panelini xatırladır. Bundan əlavə olaraq fotolardan da görmək olar ki, smartfon bir qədər böyüdülmüş ekran çərçivələrinə sahibdir. Məlumatda həmçinin qeyd edilib ki, Galaxy S23 modeli 6.1 düym ekran ilə təchiz olunacaq. İndi isə keçək Galaxy S23+ modelinə. Məlumatda qeyd edilib ki, Galaxy S23+ modeli 6.6 düym ekran ilə təchiz olunacaq. Lakin bununla belə o, ölçü baxımından aktual olan Galaxy S22+ modelindən bir qədər kiçik olacaq. Bununla yanaşı Galaxy S23+ ekranı daha nazik çərçivələri özündə birləşdirəcək. Bu modelin də arxa kamera obyektivləri Galaxy S22 Ultra modelində olduğu kimi bir-birindən müstəqil şəkildə yerləşəcəklər. Gözləntilərə əsasən Samsung şirkəti yeni Galaxy S23 smartfon seriyasını gələn ilin fevral ayında təqdim edəcək.
    Linki kopyala