Galaxy S27 Pro və Ultra telefonları 5200 və 5700 mAh batareya ala bilər
“Samsung”un hazırladığı “Galaxy S27 Pro” və “Galaxy S27 Ultra” Çində satış üçün 3C sertifikatı alıb. Sənədlər modellərin şarj gücünü də göstərir: hər ikisi 60 Vt naqilli şarjı dəstəkləyir. Beləliklə, bu göstərici builki “Galaxy S26 Ultra” ilə müqayisədə dəyişməyəcək.
Əsas yeniliyin batareyada olacağı gözlənilir. Sənədlərdə “Galaxy S27 Ultra” üçün 5534 mAh nominal tutum göstərilib. Telefon satışa çıxanda 5700 mAh tipik tutumun açıqlanacağı ehtimal olunur. Müqayisə üçün, “Galaxy S26 Ultra”da bu rəqəmlər 4855 mAh və 5000 mAh-dır. Yeni modelin batareyası 700 mAh, yəni təxminən 14% böyüyə bilər.
Sertifikat sənədlərinə görə, “Galaxy S27 Pro”nun nominal batareya tutumu 5087 mAh-dır. Satış zamanı isə 5200 mAh tipik tutumun elan ediləcəyi gözlənilir. Ölçüsü daha kiçik olsa da, batareyası “Galaxy S26 Ultra”nın 5000 mAh göstəricisini keçəcək. Eyni ölçü sinfindəki “Galaxy S26” 4300 mAh batareyaya malikdir və yeni modeldə artım 900 mAh olacaq.
“Samsung” daha böyük tutumlu batareyalar hazırlamağa kömək edən silikon-karbon texnologiyasını “Galaxy Z Fold 8” seriyasında işlədib. Ancaq bu texnologiyanın S27 seriyasında olub-olmayacağı hələ təsdiqlənməyib. Android flaqmanlarında artıq 6000-7000 mAh və daha böyük batareyalar görünür. Bu ay çıxacağı deyilən “Oppo Find X10” modelində 8000 mAh batareyanın olacağı gözlənilir. Buna baxmayaraq, S27 modelləri “Samsung” telefonlarının batareya tutumunda nəzərəçarpacaq yenilik ola bilər.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...