
İnsayderlər Samsung şirkətinin gələn il flaqman smartfonlarından olacaq Galaxy S24 modelləri barəsində yeni məlumatlar veriblər. Belə ki, insayderlərin sözlərinə əsasən gələn il təqdim olunacaq Galaxy S24 smartfonlarının Cənub-Şərqi Asiya bazarı üçün nəzərdə tutulmuş versiyaları Exynos prosessoru ilə təchiz olunacaqlar. Smartfonların digər ölkələrdə satışları üçün nəzərdə tutulmuş versiyaları isə Qualcomm-un Snapdragon 8 Gen 3 prosessoruna sahib olacaqlar.
Uzun illər ərzində Samsung öz flaqman smartfonlarını iki versiyada təqdim edirdi və həmin versiyalar satışa çıxdıqları regionlar üzrə sahib olduqları prosessorlar ilə fərqlənirdilər. Bu il isə şirkət bu ənənədən imtina etmək qərarına gəldi. Belə ki, ilin əvvəlində təqdim edilmiş Galaxy S23 smartfonları bütün regionlarda Snapdragon 8 Gen 2 prosessorunu əldə etdilər. Lakin gələn il şirkət əvvəlki ənənəsinə geri qayıda bilər. Hələ bir neçə müddət bundan öncə Samsung təmsilçisi rəsmi şəkildə bildirmişdi ki, şirkət öz flaqman smartfonlarına Exynos prosessorlarının geri qayıtmasında istəklidir. Heç istisna deyil ki, bu, Galaxy S24 smartfon seriyasından başlasın.