Gemini Notebook artıq 100 mindən çox kitabla işləyə biləcək
Google süni intellekt əsaslı qeyd və araşdırma platforması Gemini Notebook üçün yeni “Expert Intelligence” funksiyasını təqdim edib. Yeni imkan istifadəçilərə Google Play Books üzərindən aldıqları kitabları birbaşa Gemini Notebook-a əlavə etməyə və süni intellekt vasitəsilə kitabların məzmunu ilə işləməyə imkan verir. İstifadəçilər əlavə etdikləri kitab haqqında suallar verə, müəyyən mövzuları izah etdirə, kitabın məzmunu əsasında planlar və infoqrafikalar hazırlaya, həmçinin süni intellekt tərəfindən yaradılan podkastlar əldə edə biləcəklər. Kitabın tam mətnini də Notebook daxilində oxumaq mümkün olacaq.
Google təqdimat zamanı funksiyanın necə işlədiyini bir neçə nümunə ilə nümayiş etdirib. Məsələn, Michael Pollanın “Food Rules” kitabındakı məlumatlardan istifadə etməklə resept kitabı yaradılıb. Kim Scottun idarəetmə mövzusunda yazdığı “Radical Candor” kitabındakı yanaşmalardan isə əməkdaşla çətin söhbətin necə aparılması barədə məsləhət almaq üçün istifadə olunub. İlkin mərhələdə “Expert Intelligence” funksiyası 100 mindən çox kitabı dəstəkləyəcək. Bunların arasında Penguin Random House, Johns Hopkins University Press, Macmillan Publishers və O’Reilly Media kimi nəşriyyatların kitabları var. Funksiyanı dəstəkləyən kitabların Google Play Books səhifəsində “Tools” bölməsində “Gemini Notebook” işarəsi görünəcək.
Google eyni zamanda 15 müəlliflə birlikdə xüsusi “Featured Notebooks” hazırlayıb. Müəlliflər bu Notebook-lara əlavə mənbələr, giriş məktubları və digər materiallar daxil edə biləcəklər. Şirkətin ideyası istifadəçilərə sevdikləri müəlliflərin və ekspertlərin biliklərindən istifadə edərək özlərinə virtual “məsləhətçilər komandası” yaratmaq imkanı verməkdir. Müəllif hüquqlarının qorunması üçün də müəyyən məhdudiyyətlər tətbiq olunub. İstifadəçi satın aldığı kitabın olduğu Notebook-u başqa şəxslə paylaşarsa, həmin şəxs kitabı özü almayıbsa, onun tam mətninə və kitabdan əldə edilən məlumatlara çıxış əldə etməyəcək. Kitabın üzərinə klik etdikdə isə Google Play Books-dakı satınalma səhifəsinə yönləndiriləcək.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...