
Google gecikdirilən yenilənmiş Siri mövzusunda Apple şirkətini trollayıb
Google Pixel 10-un təqdimatına təxminən 2 həftə qalıb. Bu hadisə ərəfəsində İT nəhəngi “Google Pixel 10 | Soon” adlı tizer video yayımlayıb və bu videoda, digər məqamlarla yanaşı, Apple da istehza ilə tənqid olunub. Çünki şirkət vəd verməsinə baxmayaraq, iPhone 16 üçün süni intellekt əsaslı yeni Siri səsli köməkçisini təqdim etməyib. 30 saniyəlik video Dr. Dre-nin “The Next Episode” mahnısının instrumental versiyası ilə müşayiət olunur. Kadrlarda Pixel 10 modeli Moonstone adlı rəng çalarında nümayiş etdirilir.
Videoda səslənən kadrarxası səs belə deyir: “Əgər siz yeni smartfonu yalnız tezliklə gələcəyi deyilən bir funksiyaya görə alırsınızsa… amma həmin funksiya bütöv 1 il ərzində gəlmirsə… bəlkə də ‘tezliklə’ sözünün mənasını yenidən düşünmək lazımdır… və ya sadəcə telefonunuzu dəyişin”.
Bu sözlərin ötən il keçirilmiş WWDC 2024 sərgisində təqdim olunmuş süni intellekt əsaslı yeni Siri versiyasına bir eyham olduğu açıq-aşkardır. Daha sonra, sentyabr ayında keçirilmiş iPhone 16 təqdimatında Apple bildirmişdi ki, bütün yeni smartfonlar yenilənmiş Siri-ni dəstəkləyəcəklər. Lakin o vaxtdan bəri demək olar ki, 1 il keçib və süni intellekt əsaslı Siri hələ də işıq üzü görməyib. Bu ilin əvvəlində Apple rəsmi olaraq yenilənmiş səsli köməkçisinin təqdimatını növbəti ilə təxirə saldığını açıqlayıb. Video “Smartfonunuzdan daha çoxunu tələb edin” şüarı ilə yekunlaşır. Görünür, Google bu şüarı Pixel 10-un bütün həyat dövrü ərzində əsas reklam devizi kimi istifadə edəcək. Qeyd etmək lazımdır ki, Pixel 10 seriyasının təqdimatı 20 avqust tarixində baş tutacaq.
Paylaş