
Uzun müddət ərzində olmuş məlumat sızıntılarından sonra Google şirkəti Pixel brendi altında ilk qatlana bilən smartfonunun təqdimatını anons edib. Bununla yanaşı şirkət smartfonun xarici görünüşünü də sərgiləyib. Beləliklə əvvəlcədən də güman edildiyi kimi Google Pixel Fold 10 may tarixində Google I/O 2023 konfransı çərçivəsində təqdim olunacaq. Smartfonun texniki özəllikləri barəsində məlumat verilməsə də sərgilənmiş xarici görünüşdən görmək olar ki, smartfonun daxili ekranı üzərində ön kamera üçün heç bir çıxıntı olmayacaq.
Bunun əvəzinə smartfon ekran ətrafı geniş çərçivələri əldə edəcək. Son məlumat sızıntılarına əsasən Pixel Fold 2092x1080 piksel keyfiyyətli 5.79 düym xarici ekran və 2208x1840 piksel keyfiyyətli 7.69 düym daxili ekran ilə təchiz olunacaq. Smartfon Tensor G2 prosessoru vasitəsilə çalışacaq, 12 GB RAM ilə təchiz olunacaq və özündə 48 MP + 10.8 MP + 10.8 MP üçlü arxa kameranı birləşdirəcək.