Google I/O 2026 bu gün başlayır
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Google-un illik inkişaf etdirici konfransı olan Google I/O 2026 bu gün, 19 may tarixində start götürür. Tədbir ənənəvi olaraq ABŞ-nin Kaliforniya ştatının Mauntin Vyu şəhərində keçirilir və bu il diqqət mərkəzində əsasən süni intellekt texnologiyaları olacaq. Əvvəlki illərdə Google I/O tədbirlərində Android əməliyyat sisteminin yeni versiyaları ön plana çıxırdısa, bu il şirkətin əsas diqqəti Gemini süni intellekt ekosisteminə yönələcək. Gözləntilərə görə, Google tədbirdə Gemini modelinin yeni versiyasını təqdim edə, həmçinin onu daha geniş məhsul ekosisteminə inteqrasiya etdiyini nümayiş etdirə bilər.
Bundan əlavə, şirkətin digər süni intellekt layihələri Nano Banana, Veo, Gemma və Lyria platformaları ilə bağlı yeniliklərin də elan olunacağı gözlənilir. Xüsusilə video istehsalı, generativ məzmun və açıq mənbə AI modelləri istiqamətində yeni funksiyaların təqdim ediləcəyi ehtimal edilir. Google I/O 2026 çərçivəsində Chrome brauzeri, Android sistemi, Google Axtarış xidməti, eləcə də Workspace tətbiqləri Gemini, Sheets və Docs üçün yeniliklərin açıqlanması da gözlənilir.
Tədbirin ən maraqlı hissələrindən biri isə Google-un bu il bazara çıxarmağı planlaşdırdığı Android XR ağıllı eynəkləri ola bilər. Şirkətin artırılmış və qarışıq reallıq texnologiyaları üzrə inkişaf etdirdiyi bu cihazın daha ətraflı nümayiş etdirilməsi gözlənilir. Google I/O 2026 tədbiri bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və təqdimat canlı yayımlanacaq.
Paylaş