Logo
    main-post-cover

    Google I/O 2026-da nələr təqdim olunacaq?

    Cihazlar+
    15.04.2026
    Sevinj
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Google şirkətinin ən böyük illik tədbirlərindən biri olan Google I/O 2026 konfransının bu il 19–20 may tarixlərində ABŞ-nin Kaliforniya ştatının Mountain View şəhərində keçiriləcəyi açıqlanıb. Tədbirin əsas təqdimat hissəsi 19 may tarixində baş tutacaq və canlı yayımlanacaq.
    Google I/O 2026: Save the date, event information
        Şirkət rəsmi olaraq bildirib ki, builki tədbirin əsas mövzusu yenə də süni intellekt olacaq. Google konfrans zamanı Gemini, Android, Chrome və Cloud platformaları üzrə “ən son AI yeniliklərini və məhsul inkişaflarını” təqdim etməyi planlaşdırır. Ən çox gözlənilən elanlardan biri Gemini süni intellekt modelinin yeni versiyası ilə bağlıdır. Məlumatlara görə Google tədbirdə Gemini 4 modelini təqdim edə bilər. Bununla yanaşı, şirkətin mətn əsasında video yaradan Veo platformasının yeni versiyası və universal AI assistent kimi təqdim olunan Project Astra layihəsi barədə də yeni məlumatların paylaşılması gözlənilir.
        Mobil əməliyyat sistemi tərəfində isə şirkətin Android 17 haqqında ətraflı məlumat verməsi demək olar ki, artıq dəqiqləşib. Google ənənəvi olaraq yeni Android versiyalarını I/O tədbirində təqdim edir ki, tətbiq inkişaf etdiriciləri sistem yeniliklərinə uyğunlaşa bilsinlər. Bundan əlavə, Google-ın son dövrlər üzərində çalışdığı ChromeOS və Android sistemlərinin birləşdirilməsi layihəsi də tədbirdə nümayiş oluna bilər. Sızmalara görə bu layihə hazırda daxildə “Aluminium OS” adı ilə inkişaf etdirilir və şirkətin gələcək cihaz ekosisteminin əsasını təşkil edə bilər.
        Yeni cihaz təqdimatları da istisna edilmir. Lakin ekspertlər hesab edir ki, Google bu tədbirdə Pixel smartfonları əvəzinə daha çox Android XR platformasına əsaslanan qarışıq reallıq cihazlarını nümayiş etdirə bilər. Pixel 11 və Pixel Watch 5 modellərinin isə ənənəvi olaraq ilin ikinci yarısında keçiriləcək ayrıca hardware tədbirində təqdim olunması daha real görünür. Texnologiya dünyasında gözləntilər ondan ibarətdir ki, Google builki tədbirdə yalnız proqram yenilikləri ilə kifayətlənməyərək sürpriz layihələrini də nümayiş etdirə bilər. Xüsusilə şirkətin eksperimental texnologiyalar bölməsi olan Google X tərəfindən yeni innovativ layihələrin təqdim olunacağı ehtimal edilir.
    Paylaş