
Google öz smartfonlarını daha uzun müddət ərzində dəstəkləyəcək
Daha öncəki illərdə öz smartfonlarını ən uzun müddət ərzində dəstəkləmiş şirkət Google idi. Lakin indi Samsung, OnePlus və hətta Redmi smartfonları Google Pixel smartfonları ilə müqayisədə daha çox əməliyyat sistemi yenilənməsini əldə edirlər. Verilmiş yeni məlumata əsasən Google bu vəziyyəti düzəltmək qərarına gəlib. Google öz smartfonları üçün 5 illik dəstəyi söz verir. Bu müddətin 3 ili ərzində smartfonlar üçün əməliyyat sistemi yenilənmələri təqdim olunur. Yerdə qalan 2 il ərzində isə Google Pixel smartfonları yalnız təhlükəsizlik yenilənmələrini əldə edirlər.
Digər istehsalçılar isə öz smartfonları üçün 4 illik Android yenilənməsini və 5 illik təhlükəsizlik yenilənmələrinin təqdim edilməsini reallaşdırırlar. Məlumata əsasən Google Pixel 8 və Pixel 8 Pro smartfonlarından başlayaraq şirkət öz cihazlarının dəstəklənmə müddətlərini artıracaq. Bu mövzuda dəqiq müddətlər qeyd edilməsə də, güman etmək olar ki, şirkət öz smartfonları üçün 4 və ya 5 illik Android yenilənməsini təqdim edəcək. Bunun olacağı halda Google smartfonları dəstəklənmə müddəti mövzusunda Apple smartfonlarının sahib olduqları səviyyəyə yüksələ bilərlər.
Paylaş
Bənzər xəbərlər