Google Photos 2026-cı ildə Samsung televizorlarına gəlir
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Google Photos nəhayət ki, televiziya ekranlarına gəlir. Google-un bu xidməti 2026-cı ildən etibarən ilk olaraq Samsung televizorlarında istifadəyə veriləcək. Samsung-un açıqlamasına görə, planlaşdırılan inteqrasiya istifadəçilərin telefonlarında çəkdikləri fotoları birbaşa Samsung televizorlarına ötürərək onları daha böyük və kinoteatr formatında nümayiş etdirməyə imkan verəcək. Şirkət Google Photos-un TV təcrübəsinə dərin şəkildə inteqrasiya olunacağını bildirir.
Hazırda Google Photos üçün nə Samsung, nə də Google TV platformasında ayrıca yerli TV tətbiqi mövcuddur. Lakin Samsung-un paylaşdığı məlumatda bu inteqrasiyanın ayrıca tətbiq olub-olmayacağı dəqiqləşdirilmir. Bildirilir ki, ilk mərhələdə 2026-cı ilin mart ayında Tizen əməliyyat sistemli Samsung televizorlarına “Memories” (Xatirələr) funksiyası əlavə olunacaq. Bu funksiya istifadəçilərin foto və videolarından seçilmiş kolleksiyaları avtomatik şəkildə ekranda nümayiş etdirəcək. “Memories” funksiyası ilk 6 ay ərzində yalnız Samsung televizorları üçün eksklüziv olacaq.
2026-cı ilin ikinci yarısında isə Google Photos-un axtarış sistemi və süni intellekt əsaslı imkanları istifadəyə veriləcək. “Create with AI” funksiyası Nano Banana texnologiyası üzərindən mövzuya uyğun şablonlar təqdim edəcək. Bundan əlavə, Remix və Photo to Video kimi süni intellektlə şəkil yaratma və redaktə alətləri də TV-lərə inteqrasiya olunacaq. “Personalized Results” adlı funksiya isə istifadəçilərə “okean”, “yürüş”, “Paris” kimi mövzu və məzmunlara əsaslanan slayd-şoular yaratmağa imkan verəcək.
Samsung bildirir ki, sistemin qurulması olduqca sadə olacaq. İstifadəçilər televizorda Google hesabına daxil olduqdan sonra Google Photos-da saxlanılan şəkillər avtomatik olaraq ekranda əks olunacaq. Samsung bu inteqrasiyanı ilk təqdim edən marka olsa da, “Memories” funksiyasının eksklüzivlik müddəti bitdikdən sonra digər TV istehsalçılarının da Google Photos-u dəstəkləməsi gözlənilir.
Paylaş