
Google Pixel 10, Pixel 10 Pro və Pixel 10 Pro XL təqdim edilib - QİYMƏTİ
Google şirkəti Made by Google tədbiri çərçivəsində Pixel 10 smartfon seriyasını təqdim edib. Yeni smartfon seriyasına Pixel 10, Pixel 10 Pro, Pixel 10 Pro XL və qatlana bilən Pixel 10 Pro Fold modelləri daxil olublar. Bu xəbərdə ilk 3 model barəsində, qatlana bilən model barəsində isə növbəti xəbərda danışacağıq. Pixel 10, Pixel 10 Pro və Pixel 10 Pro XL modelləri xarici görünüşcə bir-birilərinə bənzəyirlər. Onlar öz aralarında sadəcə texniki imkanlar baxımından fərqlənirlər. Beləliklə Pixel 10 modeli 60 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2424x1080 piksel keyfiyyətli 6.3 düym ölçülü OLED Actua ekranla, Pixel 10 Pro modeli 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2856x1280 piksel keyfiyyətli 6.3 düym ölçülü Super Actua LTPO OLED ekranla, Pixel 10 Pro XL modeli isə 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2992x1344 piksel keyfiyyətli 6.8 düym ölçülü Super Actua LTPO OLED ekranla təchiz olunub.

Pixel 10 və Pixel 10 Pro modellərində ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit, Pixel 10 Pro XL modelində isə ekranın maksimal parlaqlıq səviyyəsi 3300 nit təşkil edir. Hər 3 modeldə ekran Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da bu smartfonlarda birbaşa ekrana inteqrasiya edilib. Bununla yanaşı smartfonlarda gövdə IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Hər 3 smartfon Google şirkətinin 3 nanometrlik fərdi Tensor G5 prosessoru vasitəsilə çalışır. Pixel 10 modeli 12 GB RAM ilə 128256 GB daxili yaddaş həcmini, Pixel 10 Pro modeli 16 GB RAM ilə 128/256 GB/1 TB daxili yaddaş həcmini, Pixel 10 Pro XL modeli isə 16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Pixel 10 modeli özündə 48 MP + 13 MP + 10.8 MP üçlü arxa kameranı və 10.5 MP-lik ön kameranı, Pixel 10 Pro və Pro XL modelləri isə özlərində 50 MP + 48 MP + 48 MP üçlü arxa kameranı və 42 MP-lik ön kameranı birləşdirirlər.

Batareyaya mövzusuna gəldikdə, Pixel 10 modeli 30 vatt gücündə sürətli şarj texnologiyalı 4970 mAh enerji tutumlu batareya ilə təchiz olunub və 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir, Pixel 10 Pro modeli 30 vatt gücündə sürətli şarj texnologiyalı 4870 mAh enerji tutumlu batareya ilə təchiz olunub və 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir, Pixel 10 Pro XL modeli isə 45 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareya ilə təchiz olunub və 25 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Hər 3 smartfon Android 16 vasitəsilə çalışır və onlar 7 il ərzində Android dəstəyini əldə edəcəklər. Smartfonlar bu ayın sonunda satışa çıxacaqlar. Pixel 10 modelinin qiyməti 799$-dan, Pixel 10 Pro modelinin qiyməti 999$-dan, Pixel 10 Pro XL modelinin qiyməti isə 1199$-dan start götürəcək.

Paylaş