
Google Pixel 7a-nın bəzi texniki özəllikləri məlum olub
Google şirkəti hal hazırda Pixel 7a smartfonu üzərində çalışır. İndi isə sözügedən smartfonun texniki özəllikləri barəsində məlumatlar internetdə ortaya çıxıb. Qeyd etmək lazımdır ki, Google Pixel a seriyasının smartfonları adi Pixel seriyasının smartfonlarından bir qədər sadələşdirilmiş texniki özəlliklər ilə fərqlənirlər. İnsayderlərdən biri Pixel 22 Mid-range kod adına sahib smartfon barəsində məlumatlar əldə edib. Nəzərə alsaq ki, Pixel 22 Premium kod adı məhz Pixel 7 smartfonuna aid idi, burdan belə qənaətə gəlmək olar ki, Pixel 22 Mid-range kod adı Pixel 7a-ya aiddir.
Beləliklə verilmiş məlumata əsasən Pixel 7a smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 1080p keyfiyyətli ekran ilə təchiz olunacaq. Daha öncəki Pixel a modellərində yalnız 60 Hz-lik təsvir yenilənməsinə sahib ekranlardan istifadə edilirdi. Bununla yanaşı Pixel 7a modeli 64 MP-lik (Sony IMX787) əsas arxa kameranı əldə edəcək. Smartfonun Pixel 7 və Pixel 7 Pro modellərində istifadə edilən Google Tensor G2 prosessorunu əldə edib-etməyəcəyi bilinmir. Ola bilər ki, şirkət Pixel 7a-da Tensor prosessorunun birinci nəslindən istifadə etsin. Məlumatda qeyd edilib ki, Pixel 7a 5 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Smartfon gələn ilin birinci yarısında təqdim oluna bilər.
Paylaş
Bənzər xəbərlər