
Google qatlana bilən smartfonlar üçün yeni sertifikatlaşdırma standartını işə salacaq
İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Google şirkəti yaxın zamanda qatlana bilən smartfonlar üçün yeni sertifikatlaşdırma standartını işə salmağı planlaşdırır. Söhbət, bu cür cihazların sistemlərinə olan tələbatlardan və onların test edilməsi prosesindən gedir. Bunların sayəsində bu cür cihazların keyfiyyətlərini alıcılar üçün yüksək saxlamaq mümkün olacaq. Məlumata əsasən Android vasitəsilə çalışan qatlana bilən smartfonların istehsalçıları öz məhsullarını satışa çıxartmadan öncə yeni sertifikatlaşdırma standartının müvafiq anketini doldurmalı və satışa hazırlaşan cihazlarının nümunələrini testə göndərməli olacaqlar.
Güman olunur ki, qatlana bilən cihazlara tələbatlardan biri də bu cür cihazların minimum 200 000 dövr qatlanmaya tab gətirmələri olacaq. Bu göstərici 5 il ərzində gündə 100 dəfə qatlanmaya bərabərdir. Bu məsələdə qatlana bilən smartfonların istehsalçıları ciddi problemlərlə qarşılaşmamalıdırlar. Məsələn Motorola və OPPO şirkətlərinin qatlana bilən smartfonları 400 000 dövr qatlanmaya tab gətirə bilirlər. Dünən təqdim edilmiş Mix Fold 3 smartfonu isə ümumiyyətlə 500 000 dövr qatlanmaya tab gətirə bilir. Bununla yanaşı Google yeni sertifikatlaşdırma standartı çərçivəsində istehsalçılardan öz qatlana bilən smartfonları üçün minimum 2 əməliyyat sistemi yenilənməsini və 3 il ərzində təhlükəsizlik yenilənmələrinin təqdim edilməsini tələb edə bilər.
Paylaş
Bənzər xəbərlər