main-post-cover

    Google şirkəti Pixel 5 və Pixel 4a 5G smartfonlarını təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    01.10.2020
    Emil Nəcəfov
        Google şirkəti dünən gecə Pixel 5Pixel 4a 5G smartfonlarını təqdim edib. Pixel 5 modeli Qualcomm-un orta səviyyəli prosessorunu, Pixel 4a 5G ilə müqayisədə daha kiçik ölçülü ekranı və ikili arxa kameranı əldə edib. Maraqlısı ondadır ki, Pixel 4a 5G modeli yalnız cüzi özəlliklər baxımından Pixel 5-dən fərqlənir. Qeyd etmək lazımdır ki, hər iki smartfon xarici görünüşcə bənzərdirlər. Pixel 5 modeli Full HD+ keyfiyyətli 6 düym OLED ekran, Pixel 4a 5G modeli isə Full HD+ keyfiyyətli 6.2 düym OLED ekran əldə edib. Pixel 5-in ekranı 90 Hz-lik təsvir yenilənməsini, Pixel 4a 5G-nin ekranı isə 60 Hz-lik təsvir yenilənməsini dəstəkləyir.
        Bununla yanaşı Pixel 5-in ekranı Gorilla Glass 6 qoruyucu şüşəsi ilə əhatə olunub. Əsas texniki göstəricilərə gəldikdə isə Pixel 5 modeli 5G dəstəkli Snapdragon 765G prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi, 12.2 MP (f/1.7 diafraqma) + 16 MP (f/2.2 diafraqma) ikili arxa kamera, 8 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun batareyası həmçinin Qi standartlı naqilsiz sürətli şarj texnologiyasını da dəstəkləyir. Pixel 5 modeli Android 11 əməliyyat sistemi vasitəsilə çalışır.
        Pixel 4a 5G-yə gəldikdə isə o, Pixel 5-dən yalnız ekran ölçüsü, RAM göstəricisi və batareya həcmi ilə fərqlənir. Digər özəlliklər baxımından smartfon Pixel 5 ilə eynidir. Beləliklə Pixel 4a 5G modeli 6 GB RAM və 18 vatt gücündə sürətli şarj texnologiyalı 3800 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Pixel 5-dən fərqli olaraq Pixel 4a 5G modeli naqilsiz şarj texnologiyasını dəstəkləmir. Bu smartfon da Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfonlar bu ayın ortasında satışa çıxacaqlar. Pixel 5 699$-a, Pixel 4a 5G isə 499$-a satılacaq.
    Linki kopyala