Google və Gucci birlikdə ağıllı eynək hazırlayır
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Google və Gucci ağıllı eynəklər sahəsində əməkdaşlığa hazırlaşır. Reuters-in yaydığı məlumata görə, Gucci-nin ana şirkəti olan Kering bu məhsulu 2027-ci ildə bazara çıxarmağı planlaşdırır. Bu addım Google-un ağıllı eynəkləri kütləvi istifadə üçün daha cəlbedici etmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Şirkət hesab edir ki, texnologiyanın təkcə funksional deyil, eyni zamanda estetik baxımdan da cəlbedici olması vacibdir.
Google-un bu sahədə ilk addımı sayılmayan yeni model, “Project Aura” adlı Android XR eynəkləri ilə başlayacaq. Bu modelin 2026-cı ildə təqdim olunacağı gözlənilir və dizayn baxımından Meta və Ray-Ban əməkdaşlığı ilə hazırlanmış eynəklərə bənzəyir. Qeyd edək ki, Google bundan əvvəl də ağıllı eynəklər bazarına daxil olmağa çalışıb. Lakin Google Glass layihəsi istifadəçilər arasında geniş yayılmadığı üçün uğursuz hesab olunmuşdu. Yeni əməkdaşlıq isə bu dəfə fərqli yanaşma ilə uğur qazanmağı hədəfləyir.
Google daha əvvəl Warby Parker və Gentle Monster kimi markalarla da əməkdaşlıq elan etsə də, Gucci kimi yüksək prestijli moda brendi ilə tərəfdaşlıq bu layihəni daha diqqətçəkən edir. Ekspertlərə görə, ağıllı eynəklərin geniş yayılması üçün texniki imkanlarla yanaşı, dizayn və brend imici də həlledici rol oynayır. Bu baxımdan, Google-un Gucci ilə əməkdaşlığı bazarda Meta-nın Ray-Ban seriyası ilə rəqabəti daha da gücləndirə bilər.
Paylaş