Logo
    main-post-cover

    Google və Samsung birgə Ray Ban Meta smart eynəyinin rəqibini hazırlayırlar

    Cihazlar+
    04.10.2024
    Emil
         The Information saytının vermiş olduğu məlumata əsasən Google Samsung birgə şəkildə Ray-Ban Meta adlı smart eynəyin rəqibini hazırlamağa başlayıblar. Məlumatda qeyd edilib ki, iki şirkət tərəfindən Ray-Ban Meta tərzində smart eynəyin hazırlanması qərarı bu ilin əvvəlində şirkət rəhbərləri arasında keçirilmiş görüş çərçivəsində qəbul edilib. Belə ki, görüş zamanı şirkət rəhbərləri AR eynəyin və ya Ray-Ban Meta kimi daha sadə cihazın hazırlanmasını müzakirə ediblər. Nəticədə onlar Ray-Ban Meta-ya rəqib ola biləcək və ucuz qiymətə satılacaq smart eynəyin hazırlanması qərarını veriblər.
         Bununla yanaşı məlumata əsasən iki şirkətin birgə hazırlayacağı smart eynək süni zəka əsaslı Google Gemini köməkçisini əldə edəcək. The Information saytı bildirib ki, hazırlanacaq smart eynəyin satışları mövzusunda bu iki şirkət müəyyən çətinliklərlə qarşılaşa bilər. Məsələ burasındadır ki, Ray-Ban Meta eynəyi EssilorLuxottica şirkəti ilə Meta arasındakı əməkdaşlıq çərçivəsində hazırlanır. Dünyanın ən məşhur eynək brendləri olan Ray-Ban ilə Oakley isə məhz EssilorLuxottica şirkətinə məxsusdur. Hələ bu ilin iyul ayında məlumat ortaya çıxmışdı ki, Google şirkəti öz növbəsində EssilorLuxottica ilə əməkdaşlıq etməyə cəhd göstərib. Bu cür əməkdaşlıq öz növbəsində Google şirkətinə smart eynək bazarına rahatlıqla daxil olma imkanını verəcəkdi. Lakin nəticədə bu cəhd uğursuz olub. Meta isə öz növbəsində keçən ay EssilorLuxottica şirkəti ilə əməkdaşlığını növbəti 10 ilə uzatdı.
    Paylaş