
Hələ təqdim edilməmiş Samsung Galaxy S24 FE smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
13.06.2024
Emil
Son zamanlarda Samsung Galaxy S24 FE smartfonu barəsində daha çox məlumat ortaya çıxır. İndi isə məlum olub ki, Samsung-un bu il ərzində təqdim edəcəyi gözlənilən bu smartfon Geekbench testlərindən keçib. Geekbench-in məlumatlar bazasında Galaxy S24 FE smartfonunun model nömrəsi qismində SM-S721B qeyd edilib. Beləliklə Geekbench sayəsində məlum olub ki, Galaxy S24 FE smartfonunun sahib olacağı prosessor özündə 1 ədəd 3.11 GHz tezlikdə çalışan əsas nüvəni, 2 ədəd 2.9 GHz tezlikdə çalışan nüvəni və 3 ədəd 1.96 GHz tezlikdə çalışan nüvəni birləşdirir.

Söhbət, Exynos 2400 flaqman prosessorundan gedir. Lakin bu prosessorun Galaxy S24 FE-də istifadə ediləcək versiyasının əsas nüvəsi bir qədər aşağı çalışma tezliyinə sahibdir. Belə ki, prosessorun standart versiyasının əsas nüvəsi 3.21 GHz tezlikdə çalışır. Geekbench testlərindən Galaxy S24 FE-nin 8 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, smartfon qutudan Android 14-ü əldə edəcək. Beləliklə Galaxy S24 FE smartfonu Geekbench-in bir nüvəli testi çərçivəsində 2047 xal, çox nüvəli testi çərçivəsində isə 6289 xal toplayıb. Smartfonun payız fəslində təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
