Logo
    Həvəskar NZXT Kraken soyuducusunun ekranını masaüstü monitora çevirdi

    Həvəskar NZXT Kraken soyuducusunun ekranını masaüstü monitora çevirdi

    Cihazlar+
    25.11.2026
        “Reddit”də BodeeHav adı ilə tanınan kompüter həvəskarı nasosu sıradan çıxmış “NZXT Kraken” maye soyuducusunun LCD ekranını ayrıca masaüstü monitora çevirib. Nasos təxminən 1 ay əvvəl dayanıb, amma ekran işlək qalıb. İndi həmin ekran prosessorun və videokartın temperaturunu, eləcə də nə qədər yükləndiyini anlıq göstərir.
        BodeeHav nasos blokunu söküb, ekranı və onu idarə edən elektron platanı çıxarıb. Ekranın qara korpusunu saxlayıb və onu masada dik saxlamaq üçün 3D printerdə dayaq çap edib. Qoşulmanı sadələşdirmək üçün bağlayıcıda yalnız enerji üçün SATA, məlumat ötürmək üçün isə USB kontaktlarını saxlayıb. Ekran hazırda birbaşa ana plataya qoşulur. BodeeHav gələcəkdə onu kompüterin xarici USB girişinə qoşmağı planlaşdırır.
        BodeeHav əvvəlcə ekranı “NZXT CAM” proqramı ilə idarə edib, amma kompüter yuxu və ya gözləmə rejiminə keçəndə problem yaranıb. Buna görə süni intellektin köməyi ilə “DesktopKraken” adlı ayrıca proqram hazırlayıb. O, həm proqramı, həm də dayağı 3D printerdə çap etmək üçün lazım olan STL faylını “GitHub”da paylaşıb.
        “DesktopKraken” “Windows”da işləyir və “NZXT CAM”a ehtiyac olmadan ekranla USB bağlantısı qurur. Proqram hazırda yalnız 2 modellə işləyir: 2023-cü ildə çıxan “Kraken Elite” və 2024-cü ildə satışa çıxan “Kraken Elite V2”. Hər iki modelin dairəvi LCD ekranı 640 × 640 piksel təsvir ölçüsünə malikdir.
        Proqram temperatur və yüklənmə ilə yanaşı, işləmə tezliyini və enerji sərfiyyatını da göstərir. Operativ yaddaşın və videoyaddaşın nə qədərinin istifadə olunduğunu da ekrandan görmək olur. Ekranın parlaqlığını və görüntünün istiqamətini dəyişmək, sensorların ölçdüyü göstəriciləri qeydə almaq olur. Ekranda seçilmiş şəkilləri, hərəkətli GIF fayllarını və temperatur xəbərdarlıqlarını da göstərmək olar. Kompüter yuxu rejimindən çıxanda və ya USB bağlantısı bərpa olunanda proqram ekranı avtomatik yenidən işə salır.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...