
HONOR 400 və 400 Pro icmalı: hansını, niyə alım?
HONOR şirkəti 2025-ci ilin ortalarında orta və orta-üst seqment istifadəçiləri üçün HONOR 400 və HONOR 400 Pro modellərini təqdim etdi. Keçən ilki HONOR 200 seriyasının davamı olan bu cihazlar həm dizayn, həm də texniki göstəricilər baxımından nəzərəçarpacaq yeniliklərlə seçilir. Ən əsası isə HONOR 400 Pro modelinin bəzi xüsusiyyətləri birbaşa flaqman smartfonlara yaxın təcrübə təqdim edir ki, bu da onu seqmentində ciddi rəqibə çevirir.

Dizayn baxımından iki cihaz arasında fərqlər var. HONOR 400 modeli düz ekranlı, daha kompakt və yüngül korpusla gəlir. Bu model IP66 standartına uyğun olaraq toz və təzyiqli suya qarşı davamlıdır. HONOR 400 Pro isə “Magic” seriyasına bənzər əyri ekranlı, daha iri və qalın gövdəyə malikdir. Ən önəmlisi, bu model IP68 və IP69 sertifikatları ilə təchiz olunub, yəni tam sualtı istifadə üçün uyğundur. Arxa kamera blokunda da fərqlilik nəzərə çarpır: sadə modeldə iki, Pro modeldə isə üç kamera mövcuddur. Pro versiyada əlavə olaraq telefoto obyektiv yer alır. Ön tərəfdə isə HONOR 400 Pro modeli bir ədəd əlavə dərinlik sensoru ilə fərqlənir.

HONOR 400 və 400 Pro modellərində 6000 mAh tutumlu karbon-silikon texnologiyalı batareya yerləşdirilib. Bu yeni nəsil batareyalar qalınlığı artırmadan yüksək enerji tutumu təmin edir. HONOR 400 modeli 80 vatt naqilli, HONOR 400 Pro isə 100 vatt naqilli və əlavə olaraq 50 vatt naqilsiz enerji yığmanı dəstəkləyir. Naqilli enerji ilə hər iki model 15 dəqiqəyə uyğun olaraq 40 (HONOR 400) və 51 (HONOR 400 Pro) faiz enerjini toplamağa qadirdir. Naqilsiz enerji yığmada isə Pro model 15 dəqiqəyə 33 faiz enerji ilə təchiz olunur ki, bu da flaqman səviyyəsində göstəricidir.
Texniki göstəricilərə gəlincə, hər iki cihaz Snapdragon prosessorları ilə təchiz olunub. HONOR 400 modelində Snapdragon 7 Gen 3, HONOR 400 Pro modelində isə daha güclü Snapdragon 8 Gen 3 çipi yer alıb. Bu, HONOR 400 Pro modelini oyun və yüksək performans tələb edən istifadə üçün ideal hala gətirir. “PUBG Mobile” kimi oyunlarda 120 FPS, “Diablo Immortal” kimi ağır qrafikalı oyunlarda isə stabil 60 FPS nəticə göstərir. Sadə model isə bu oyunları 60 FPS-lə oynamaq imkanına sahibdir. Ümumilikdə, Pro model performans baxımından flaqman cihazlara yaxın təcrübə verir, sadə model isə orta seqment üçün yetərli səviyyədədir.
Kamera baxımından hər iki cihaz kifayət qədər iddialıdır. Əsas kamera hər iki modeldə eyni – 200 MP sensor, f/1.9 diafraqma, OIS və avtofokusla təchiz olunub. Bu kamera 4K 60 FPS video qeyd imkanına malikdir. Ultra geniş bucaqlı kamera da hər iki modeldə eynidir – 12 MP sensor, avtofokus və makro rejim dəstəyi ilə gəlir. Lakin bu kamera yalnız 30 FPS-lə video qeyd edə bilir. Telefoto kamera isə yalnız Pro modeldə yer alıb və 3 qat optik, 6 qat rəqəmsal yaxınlaşdırma ilə 50 MP emal etmə imkanına sahibdir. Bu obyektivlə 4K 60 FPS videolar çəkmək mümkündür. Ön kamera hər iki modeldə 50 MP-dir və f/2.0 diafraqma ilə yaxşı portret çəkimləri təqdim edir. Video qeyd funksiyası 4K 30 FPS və 1080p 60 FPS ilə məhdudlaşır. Pro modeldə əlavə dərinlik sensoru mövcuddur.

Hər iki model Android 15 əsasında hazırlanmış MagicOS 9.0 interfeysi ilə təchiz olunub və HONOR bu cihazlara 6 il proqram və təhlükəsizlik yenilənməsi təqdim edəcəyini vəd edir. Bu göstərici Android cihazlar arasında yalnız Samsung-un bəzi modelləri ilə müqayisə oluna bilər. Əlavə olaraq, HONOR Connect tətbiqi ilə Android və iOS cihazları arasında Airdrop oxşar fayl paylaşımı funksiyası mövcuddur.

Paylaş