HONOR 600 Lite – Premium dizayn, güclü batareya və AI imkanları ilə orta seqmentdə fərqli model
Azərbaycanda satışa yeni çıxarılan HONOR 600 Lite modeli orta qiymət seqmentində maraqlı yeniliklərlə diqqət çəkən smartfonlardan biridir. Cihaz hazırda 8 GB RAM və 256 GB yaddaş versiyasında nağd alış zamanı endirimlə təxminən 750 manata təklif olunur və artıq rəsmi mağazalardan əldə etmək mümkündür. Bu qiymət aralığında HONOR-un hansı kompromislərə getdiyi və hansı üstünlükləri ön plana çıxardığını anlamaq üçün cihazın bütün tərəflərinə baxmaq lazımdır.
Bu modeldə ilk diqqət çəkən yeniliklərdən biri süni intellekt düyməsidir. HONOR bu düyməni bu dəfə cihazın sağ aşağı hissəsinə yerləşdirib və funksionallıq baxımından iPhone modellərində gördüyümüz Action Button məntiqinə bənzər sistem qurub. Düyməni bir dəfə, iki dəfə sıxmaq və ya basılı saxlamaqla fərqli funksiyaları işə salmaq mümkündür. Məsələn, kamera, Circle to Search, AI menyusu kimi funksiyalar bu düymə ilə idarə oluna bilir və istifadəçi istəyə görə bu əmrləri dəyişə bilir. Hətta kamerada olarkən düymə üzərində barmağı sürüşdürərək zoom etmək də mümkündür ki, bu funksiya praktik istifadə baxımından hər kəs üçün ideal olmasa da, bu qiymət seqmentində maraqlı əlavə imkan hesab oluna bilər.
Dizayn məsələsində HONOR bu modeldə doğrudan da iddialı davranıb. Cihazın metal korpusu, arxa hissədə barmaq izi saxlamayan material, cəmi 7.3 mm qalınlıq və 180 qram çəki smartfona daha çox flaqman modelləri xatırladan görünüş verir. Çərçivələrin incə olması və kənarların oval formada bükülməsi də cihazın vizual olaraq daha premium görünməsinə səbəb olur. Kamera bloku da yenilənib və daha minimal dizayn seçilib. Lakin burada IP68 deyil, IP66 qoruma sertifikatı təqdim olunur, yəni cihaz suya tam salınmaq üçün nəzərdə tutulmayıb, sadəcə toz və təzyiqli suya qarşı davamlıdır. Bununla yanaşı, cihazın gövdə və ekran dayanıqlığı üçün SGS sertifikatının olması müsbət məqamdır.
Cihazın ən maraqlı tərəflərindən biri isə batareyadır. HONOR 600 Lite 6520 mAh tutumlu silikon-karbon texnologiyalı litium-polimer batareya ilə təchiz olunub. Bu texnologiya sayəsində batareyanın ölçüsü böyümədən enerji sıxlığı artırılır və nəticədə həm nazik korpus qorunur, həm də uzun batareya ömrü əldə edilir. 45W sürətli enerji yığma dəstəyi var və adapter qutudan çıxır, lakin naqilsiz enerji yığma funksiyası mövcud deyil.
Texniki tərəfdə smartfon Android 16 və MagicOS-un yeni versiyası ilə gəlir və şirkət bu model üçün 6 il yenilənmə vədi verir ki, bu da orta seqment üçün çox ciddi üstünlük hesab olunur. Prosessor olaraq MediaTek Dimensity 7100 Elite istifadə edilir. Bu çip 6 nm arxitektura üzərində qurulub və daha çox enerji səmərəliliyi və süni intellekt funksiyalarına fokuslanıb. Performans baxımından Snapdragon 7s Gen 2 ilə rəqabət aparır, lakin bu cihaz oyun telefonu deyil. PUBG kimi oyunları orta qrafik ayarlarda 60 FPS səviyyəsində oynamaq mümkündür, amma yüksək performans gözləyən istifadəçilər üçün nəzərdə tutulmayıb.
HONOR bu modeli daha çox “AI Phone” kimi mövqeləndirir. Cihazda Google Gemini, Circle to Search kimi funksiyalar aktivdir. Bundan əlavə, AI Settings agent vasitəsilə telefonun sazlamalarını səs və ya yazı ilə idarə etmək mümkündür. Fotolarda obyekt silmək, görüntü genişləndirmək, keyfiyyəti artırmaq kimi süni intellekt alətləri də sistem səviyyəsində mövcuddur.
Ümumilikdə HONOR 600 Lite performans və ya kamera yönümlü model deyil. Bu cihaz daha çox premium dizayn, uzun batareya ömrü və süni intellekt funksiyalarına üstünlük verən istifadəçilər üçün hazırlanıb. Orta performans, zəif video imkanları və ultra geniş kameranın çox da güclü olmaması isə bu qiymət seqmentində edilən kompromislər kimi görünür. Bu səbəbdən 600 Lite modeli daha çox gündəlik istifadə, dizayn və batareya önəmli olan istifadəçilər üçün uyğun seçim hesab edilə bilər.
Paylaş