Honor Magic9 Pro Max smartfonunun qlobal satışı Malayziyadan başlayır
“Honor” daha əvvəl Çində göstərdiyi “Honor Magic9 Pro Max” smartfonunun qlobal satışına Malayziyadan başlayır. Ölkədə ilkin sifarişlər 24 noyabrda açılıb və 3 dekabradək davam edəcək. Telefon dekabrın 4-də satışa çıxacaq. 12 GB operativ və 512 GB daxili yaddaşı olan versiya 5999 Malayziya ringgitinə (təxminən 2480 manat) satılacaq. Telefonu “Honor” mağazalarından, eləcə də “TikTok”, “Shopee” və “Lazada” platformalarındakı rəsmi satış səhifələrindən sifariş etmək olur. Avropada satışın yanvarda başlaması planlaşdırılır.
Malayziyada ilkin sifariş paketinin ümumi dəyəri 4009 Malayziya ringgiti (təxminən 1660 manat) edir. Paketdə endirim və çəkiliş dəsti üçün kupon var. Hər birinin dəyəri 300 Malayziya ringgitidir (təxminən 120 manat). Paketə “Harman Kardon Aura Studio 5” dinamiki, maqnitli üzlük və 3 aylıq “Google AI Pro” abunəliyi də daxildir. Abunəlikdə 5 TB bulud yaddaşı var. Maye zədəsinə, ekranın və arxa qapağın sınmasına qarşı qoruma və əlavə zəmanət 1 il, batareya dəyişdirmə xidməti isə 2 il qüvvədədir.
“Honor Magic9 Pro Max” şirkətin “ARRI” kamera texnologiyalarını lisenziya ilə işlədən ilk smartfonudur. Həm əsas kamera, həm də uzaqdakı obyektləri yaxınlaşdıran telekamera 200 MP-dir. Hər iki kamerada əl titrəməsinin foto və videoya təsirini azaldan optik sabitləşdirmə var. Sistemin göstəricisi CIPA standartına görə 8.0-dır. 50 MP ultra genişbucaqlı kamera fokusunu avtomatik tənzimləyir və yaxından da çəkə bilir. Ön tərəfdə kvadrat formatlı 55 MP kamera və üzü 3 ölçüdə tanıyan ToF sensoru var.
“Honor Imaging Chip H1” çipi “ARRI” texnologiyasına əsaslanan süni intellektlə kameradan gələn görüntünü elə çəkiliş anında emal edir. Telefonda “ARRI LogC3” çəkiliş profili və “ARRI Wide Gamut 3” rəng diapazonu dəstəklənir. “ARRI Looks” ilə fərqli rəng üslublarının görüntüyə necə təsir etdiyini çəkiliş zamanı görmək olur. Bəzi emal funksiyaları seçilən rejimdən asılıdır. Əlavə aksesuarlar arasında 500 mm ekvivalent fokus məsafəsi verən və uzaqdakı obyektləri daha çox yaxınlaşdıran teleçevirici də var. “SmallRig” çərçivəsinə isə tutacaq, LED işıq və mikrofon taxmaq olur.
6,8 düymlük LTPO OLED ekranın təsvir ölçüsü 1320p-dir. Ekran rəngləri 10 bit dərinliklə göstərir, 120 Hz yenilənmə tezliyi sayəsində səhifələri sürüşdürəndə görüntü daha hamar görünür. “Dolby Vision” formatına uyğun videolarda ekran daha geniş parlaqlıq aralığını göstərə bilir. Parlaqlıq müəyyən şəraitdə 10 000 nitə çatır və 3840 Hz PWM üsulu ilə tənzimlənir. Ekranda işıq əksini azaldan örtük və cızıqlara davamlı “NanoCrystal” qoruyucu qatı var.
Smartfon “Snapdragon 8 Elite Extreme Gen 6” prosessoru ilə işləyir. Qlobal bazarda 12 GB operativ yaddaşlı model 256 GB daxili yaddaşla da satılacaq. Malayziyada satışa çıxan versiyadan başqa, 16 GB operativ və 1 TB daxili yaddaşlı seçim də var. 12 GB operativ yaddaşlı modeldə daxili yaddaşın 12 GB-lıq hissəsini əlavə operativ yaddaş kimi ayırmaq olur. Qlobal versiyanın silisium-karbon batareyası 8000 mAh-dır. Bu, Çində satılan modelin batareyasından 800 mAh azdır. Telefon 100 Vt güclə naqilli, 80 Vt güclə naqilsiz şarj olur.
“Honor Magic9 Pro Max” qara, gümüşü və yaşıl rənglərdə satışa çıxır. Yenilənmiş gövdədə kameralar “ARRI” üslubunda düzülüb, antenaların yeri dəyişib. Rabitə üçün 3-cü nəsil “Honor C3” çipi qoyulub. Telefon IP68 və IP69 standartlarına uyğun olaraq suya və toza davamlıdır. IP69K standartına da uyğundur. Smartfon “Android 17” əsaslı “Magic OS 11” ilə işləyir. Qutuya 100 Vt adapter, 6 A cərəyana uyğun USB kabel və şəffaf silikon üzlük daxildir. Qutunun içindəkilər bazardan asılı olaraq dəyişə bilər.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...