main-post-cover

    Honor şirkəti ilk qatlana bilən smartfonu Honor Magic V-ni təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    10.01.2022
    Farid Pardashunas
        Bir vaxtlar Huawei şirkətinin tərkibinə daxil olmuş və sonradan ABŞ sanksiyaları səbəbilə müstəqil şirkətə çevrilmiş Honor öz ilk qatlana bilən smartfonunu təqdim edib. Şirkətin ilk qatlana bilən smartfonu Honor Magic V adını əldə edib. Şirkət ilk qatlana bilən smartfonunda əsas diqqəti xarici ekranın keyfiyyətinə, cihazın performansına, dözümlülük ilə təhlükəsizliyinə və kameralarına ayırıb. Honor şirkətinin məlumatına əsasən Honor Magic V-də qatlana bilən smartfonlar arasında ən yaxşı xarici ekrandan istifadə edilir. Smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1080 piksel keyfiyyətli 6.45 düym xarici AMOLED ekran (HDR10+ dəstəkli) ilə təchiz olunub.
        Maksimal dərəcədə nazik çərçivələr sayəsində ekran ön panelin 90%-ni əhatə edir. Bununla yanaşı xarici ekran nanokristaldan hazırlanmış xüsusi qoruyucu şüşə ilə əhatə edilib. Digər smartfonların ekranlarından fərqli olaraq sözügedən qoruyucu şüşə sayəsində smartfonun xarici ekranı 5 dəfə daha yaxşı qorunma özəlliyinə sahibdir. Daxili ekrana gəldikdə isə smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib 2272x1984 piksel keyfiyyətli 7.9 düym AMOLED ekran (HDR10+ dəstəkli) ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, həm xarici ekran həm də daxili ekran ön kameraya sahibdir. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
        Əsas texniki göstəricilərə gəldikdə isə Honor Magic V smartfonu Snapdragon 8 Gen 1 prosessoru, 12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 50 MP (f/1.9, 23 mm fokus məsafəsi, 10 qat rəqəmsal zoom) + 50 MP (f/2.2 diafraqma, 122 dərəcə bucaq təsviri) + 50 MP (f/2.0 diafraqma, 20 mm fokus məsafəsi) üçlü arxa kamera, 42 MP-lik (f/2.4 diafraqma) xarici ön kamera, 42 MP-lik (f/2.4 diafraqma) daxili ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 4750 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Magic UI 6 interfeysli Android 12 vasitəsilə çalışır. Bununla yanaşı smartfon Google servislərini də dəstəkləyir. Honor Magic V 18 yanvar tarixində satışa çıxacaq. 256 GB yaddaşa sahib model 1569$-a, 512 GB yaddaşa sahib model isə 1725$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər