Logo
    main-post-cover

    HONOR X9d icmalı: Orta seqmentdə standartları yenidən müəyyən edən smartfon

    Cihazlar+
    26.11.2025
    Sevinc
        HONOR X9 seriyası illərdir Azərbaycanda münasib qiymət və stabil performans səbəbilə böyük istifadəçi toplayıb. Bu ailənin ən yeni üzvü olan HONOR X9d isə əvvəlki modellərdən tam fərqli şəkildə təqdim edilib. Cihaz həm dizayn, həm batareya, həm də dözümlülük baxımından ciddi şəkildə yenilənib və orta seqmentdə standartları dəyişdirməyə iddialıdır. Xüsusilə 8300 mAh tutumlu silikon-karbon batareyası və smartfonlarda nadir rast gəlinən IP69K sertifikatı X9d-ni öz kateqoriyasında unikal edir.
        Dizayn tərəfdən X9d əvvəlki nəsildən seçilir. Artıq ön və arxa hissədə bükülmüş səthlər yoxdur. Yerini düz ekran, düz arxa panel və daha müasir, kəskin xətlərə malik korpus alıb. Qırmızımtıl-qəhvəyi rəngdə olan vegan dəri işləməsi premium hiss yaradır, meşə yaşılı və gecəyarısı qara rənglərdə isə mat plastik olsa da yüksək keyfiyyətli şüşə effekti verən material istifadə olunub. Cihaz cüzi dərəcədə incəlib və 8 mm qalınlıqda bu qədər böyük batareya ilə gəlməsi HONOR-un silikon-karbon texnologiyasının real üstünlüyünü göstərir.
        X9d-nin ən diqqət çəkən özəlliklərindən biri onun dözümlüyüdür. Bu model IP69K sertifikatına sahibdir ki, bu səviyyə adətən sənaye cihazlarında qarşımıza çıxır. Smartfon 85°C temperaturda yüksək təzyiqli isti suya məruz qalma testlərindən uğurla keçib, eyni zamanda quma, toza və 2.5 metr yüksəklikdən düşmələrə də davamlıdır. Bu sertifikat X9d-ni bazarda fiziki dayanıqlığı ilə fərqləndirən əsas amillərdən biridir və HONOR-un 6 aylıq ekran zəmanəti (noyabr və dekabr ayında edilən alışlar üçün keçərlidir) ilə birlikdə cihazı təhlükəsiz seçimə çevirir.
        Ekran tərəfdə də ciddi üstünlüklər var. HONOR X9d 6.79 düym AMOLED panel ilə gəlir. Ekranın ən böyük fərqi pik parlaqlığının tam 6000 nits-ə çatmasıdır. Bu göstərici həm günəş altında oxunaqlılığı, həm də HDR məzmunların parlaqlığını ciddi şəkildə artırır. Panel 120 Hz yenilənmə tezliyi, 1.5K piksel sıxlığı, 1.3 mm nazik çərçivələr və 3840 Hz PWM dimming ilə göz yorğunluğunu minimuma endirən texnologiya təqdim edir. Orta seqment üçün bu ekran səviyyəsi çox güclü hesab olunur.
        Cihazın ən güclü olduğu sahə isə batareya performansıdır. 8300 mAh tutuma malik silikon-karbon batareyası real istifadə zamanı təxminən 3 gün davam edir. Bu texnologiya sayəsində cihaz -30°C və +55°C arasında belə stabil işləyə bilir. 66W sürətli enerji yığma dəstəyi və naqilli 7.5W enerji ötürməsi də mövcuddur. Bu göstəricilərlə X9d hazırda orta seqmentdə ən uzunömürlü smartfonlardan biridir.
        Performans hissəsində də yenilənmə var. Keçən ilin X9c modelində Snapdragon 6 Gen 1 istifadə olunurdu və bu çip artıq köhnəlmiş hesab edilirdi. HONOR bu dəfə Snapdragon 6 Gen 4-ə keçid edib. 4 nm istehsal texnologiyası, Adreno 810 qrafik kart və təkmilləşdirilmiş süni intellekt dəstəyi ilə yeni çip həm emal gücündə, həm də qrafik performansında nəzərəçarpacaq inkişaf göstərir. PUBG kimi oyunlarda 60 FPS stabil performans təqdim etməsi bu seqment üçün kifayət qədər yaxşı göstəricidir.
        Cihaz qutudan Android 15 ilə çıxır. Magic UI-in yeni versiyası hələ bu seqmentdə aktiv deyil, buna görə yenilənmə siyasəti flaqman seriyası qədər uzun deyil. Təhmini olaraq 2–3 əsas sistem yeniləməsi və 3–4 il təhlükəsizlik patch-ləri gözlənilir. Qutu komplekti isə tamdır — adapter başlığı, kabel və qoruyucu keys daxildir.
        HONOR X9d həm Google-un süni intellekt funksiyalarını, həm də HONOR-un öz daxili AI alətlərini dəstəkləyir. Circle to Search, Gemini funksiyaları, foto redaktədə obyekt silmə, piksel artırma, bağlı göz açma və refleksiyanın silinməsi kimi alətlər cihazı gündəlik istifadə üçün daha əlçatan edir.
        Kamera hissəsinə gəldikdə HONOR bu il böyük dəyişiklik etməyib. Arxada 108 MP əsas kamera və 5 MP ultra geniş kamera yerləşir. Əsas kamera OIS və PDAF dəstəyi ilə gün işığında yaxşı nəticələr verir, 4K 30 FPS və 1080p 60 FPS videolar çəkir. Lakin ultra geniş kameranın 5 MP olması cihazın ən zəif nöqtələrindən biridir. Ön kamera da 16 MP-dir və maksimum 1080p 30 FPS video çəkir. Selfi və görüntülü danışıqlar üçün kifayət etsə də, daha yüksək video göstərilən istifadəçilər üçün limit ola bilər.
        Ümumilikdə HONOR X9d kamera yönümlü cihaz deyil. Amma uzunömürlü batareya, yüksək səviyyəli ekran, möhkəm korpus, modern dizayn və stabil performans istəyən istifadəçilər üçün çox balanslı modeldir. IP69K sertifikatı və 8300 mAh silikon-karbon batareyası bu smartfonu öz segmentində fərqləndirən əsas üstünlüklərdir. Kamera tərəfində daha güclü ultra geniş sensor, ön kamerada 1080p 60 FPS və daha uzun yenilənmə dəstəyi arzuolunan təkmilləşdirmələr olardı. Bunların xaricində HONOR X9d qiymətinə görə çox balanslı və dolu bir paket təqdim edir.
     
    Paylaş
    Bənzər xəbərlər