
Huawei heç gözlənilmədən Mate 60 Pro-nu təqdim edib - QİYMƏTİ
Huawei şirkəti heç gözlənilmədən Mate 60 Pro flaqman smartfonunu təqdim edib. Şirkət smartfonu təqdim edən kimi də satışa çıxarıb. Huawei Mate 60 Pro-nun fərqləndirici özəlliklərindən biri də peyk rabitəsinin dəstəyi oldu. Bundan əlavə olaraq smartfon özündə böyük ölçülü ekranı və böyük həcmli batareyanı birləşdirir. İlk öncə onu qeyd etmək lazımdır ki, şirkət Mate 60 Pro-nun hansı prosessor vasitəsilə çalışdığını açıqlamayıb. Beləliklə Huawei Mate 60 Pro 120 Hz-lik təsvir yenilənməsinə sahib 2700x1260 piksel keyfiyyətli 6.82 düym OLED ekranla təchiz olunub.
Ekran üstəlik Kunlun Glass 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Ekranın üzərində dairəvi formalı 3 ədəd çıxıntı hissə yerləşdirilib. Onlardan birincisi ön kamera, ikincisi isə ToF sensordur. Üçüncü dairəvi çıxıntının nə olduğu barəsində məlumat verilməyib. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Bununla yanaşı Huawei Mate 60 Pro-nun gövdəsi IP68 standartı üzrə sudan qorunur və özündə stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün NFC çipi birləşdirir.
Əsas texniki göstəricilər baxımından smartfon 12 GB RAM, 256/512 GB/1 TB daxili yaddaş həcmi, 50 MP + 48 MP + 12 MP üçlü arxa kamera, 13 MP-lik ön kamera və 88 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını və 20 vatt gücündə ikitərəfli şarj texnologiyasını dəstəkləyir. Huawei Mate 60 Pro HarmonyOS 4.0 əməliyyat sistemi vasitəsilə çalışır. Əvvəldə də qeyd edildiyi smartfonun satışlarına artıq start verilib. 12 GB RAM və 512 GB yaddaşa sahib modelin qiyməti 957$ təşkil edir.
Paylaş
Bənzər xəbərlər