main-post-cover

    Huawei Mate 50 seriyası təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    06.09.2022
    Farid Pardashunas
        Huawei şirkəti çoxdan gözlənilən Mate 50 flaqman smartfon seriyasnı təqdim edib. Təqdim edilmiş yeni smartfon seriyasına 4 model daxil olub. Mate 50, 50 Pro, 50 RS Porsche Design 50E. Ümumilikdə sözügedən smartfonlar bir sıra eksklüziv funksiyalar əldə ediblər. Onların arasında peyk şəbəkəsinin dəstəyi, enerjiyə yüksək səviyyədə qənaət rejmi və dəyişkən diafraqmalı kameralar var. Beləliklə Mate 50 smartfonları bazarda ilk dəfə peyk şəbəkəsinin dəstəyini əldə etmiş smartfonlar oldular. Sözügedən smartfonlar Beidou adlı şəbəkə üzərindən mesajların göndərilməsini dəstəkləyirlər. Bu halda mesajlar hətta istifadəçinin mobil şəbəkə dəstəyi olmadığı ərazilərdə yerləşdiyi halda da göndərilə bilir. Məsələn hər hansı bir istifadəçi açıq dənizin ortasında kömək xarakterli mesaj göndərə bilər. Görünür, bu funksiya yalnız Çində aktiv olacaq.
        Smartfonların əldə etdikləri daha bir vacib funksiya enerjiyə yüksək səviyyədə qənaət rejimidir. Sözügedən rejim smartfonlarda enerjinin 1% olduğu zaman aktivləşir. Huawei şirkətinin verdiyi məlumata əsasən bu rejim sayəsində smartfonlar əlavə olaraq 3 saat ərzində gözləmə rejimində çalışa bilərlər. Bu isə öz növbəsində 12 dəqiqə ərzində telefon danışıqlarını reallaşdırmağa imkan verir. Şirkət həmçinin bildirib ki, bu rejim batareyanın çalışma dövrünə heç bir mənfi təsir göstərmir. İndi isə ilk növbədə Mate 50 və 50 Pro modellərinə nəzər salaq. Beləliklə Mate 50 modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib 2700x1224 piksel keyfiyyətli 6.7 düym, Mate 50 Pro isə 120 Hz-lik təsvir yenilənməsinə sahib 2616x1212 piksel keyfyyətli 6.74 düym OLED ekran iə təchiz olunub. Adi Mate 50 modelinin ekranı yastı olduğu halda Mate 50 Pro-nun ekranının kənar hissələri bir qədər əyilmiş dizaynda reallaşdırılıb.
        Bununla yanaşı Mate 50-nin ekranı üzərində ön kamera üçün kiçik dairəvi çıxıntı, Mate 50 Pro-da isə ənənəvi geniş çıxıntı yerləşdirilib. Mate 50 seriyasının ekranlarında şirkət ilk dəfə özünün Kunlun adlı qoruyucu şüşəsindən istifadə edib. Sözügedən qoruyucu şüşə smartfonların ekranlarını zərbələrdən və cızıqlardan qoruyur. Əlavə olaraq qeyd etmək lazımdır ki, sözügedən smartfonların gövdələri IP68 standartı üzrə sudan qorunurlar. Barmaq izi skanı texnologiyası smartfonların ekranlarına inteqrasyia edilib. Bununla yanaşı smartfonlar özlərində kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi və stereo səsgücləndiriciləri birləşdirirlər. Əsas texniki göstəricilər baxımından hər iki smartfon Snapdragon 8+ Gen 1 (4G) prosessoru və 8 GB RAM ilə təchiz olunub. Mate 50 modeli 128/256/512 GB daxili yaddaşa, Mate 50 Pro isə yalnız 256/512 GB daxili yaddaşa sahibdir.
        Bu iki smartfon həm kameralar həm də batareya göstəriciləri üzrə bir-birilərindən fərqlənir. Belə ki, Mate 50 modeli 50 MP (f/1.4 / f/4.0 - dəyişkən diafraqma) + 12 MP (f/3.4 diafraqma, optik stabilizasiya, 5 qat optik zoom, 100 qat rəqəmsal zoom, 13-135 mm fokus məsafəsi) + 13 MP (f/2.2 diafraqma) üçlü arxa kamera və 13 MP-lik (f/2.4 diafraqma) ön kamera ilə təchiz olunub. Mate 50 Pro isə 50 MP (f/1.4 / f/4.0 - dəyişkən diafraqma) + 64 MP (f/3.5 diafraqma, optik stabilizasiya, 3.5 qat optik zoom, 200 qat rəqəmsal zoom, 13-270 mm fokus məsafəsi) + 13 MP (f/2.2 diafraqma) üçlü arxa kamera və 3D ToF + 13 MP-lik (f/2.4 diafraqma, 78-100 dərəcə bucaq əhatəsi) ön kamera ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, hər iki smartfon 66 vatt gücündə sürətli naqilli, 50 vatt gücündə sürətli naqilsiz və 7.5 vatt gücündə ikitərəfli şarj texnologiyalarını dəstəkləyir. Mate 50 modeli 4460 mAh, Mate 50 Pro isə 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonlar HarmonyOS 3.0 əməliyyat sistemi vasitəsilə çalışırlar.
        Mate 50 RS Porsche Design modeli Mate 50 Pro-nun demək olar kopyasıdır. Sadəcə olaraq Mate 50 Pro-dan fərqli olaraq sözügedən modelin arxa qapağı keramikadan hazırlanıb. Bununla yanaşı Mate 50 RS Porsche Design modeli bazarda ilk dəfə olaraq hərəkətli telekamera əldə edib və həmin kamera 200 qat zoom rejimində makroçəkilişi təmin edir. Həmçinin Mate 50 RS Porsche Design modelinin ikinci arxa kamerası 48 MP-likdir. Mate 50 RS Porsche Design yalnız 512 GB daxili yaddaş variantında satışa çıxacaq. Digər bütün özəlliklər baxımından Mate 50 RS Porsche Design modeli Mate 50 Pro-nu təkrarlayır.
        Mate 50E modelinə gəldikdə isə o, adi Mate 50-nin kopyasıdır. Sadəcə olaraq Mate 50E modeli Snapdragon 778G prosessorunun 4G versiyası və 128/256 GB daxili yaddaş həcmi ilə təchiz olunub. Digər özəlliklər baxımından smartfon Mate 50 ilə eynidir. Mate 50E digər modellərdən fərqli olaraq oktyabr ayında satışa çıxacaq. Digərləri isə sentyabr ayının sonunda satışa çıxacaqlar. Smartfonların satış qiymətləri aşağıdakı kimi olacaq:
    - 128 GB yaddaşa sahib Mate 50 - 719$
    - 256 GB yaddaşa sahib Mate 50 - 790$
    - 512 GB yaddaşa sahib Mate 50 - 935$
    - 256 GB yaddaşa sahib Mate 50 Pro - 980$
    - 512 GB yaddaşa sahib Mate 50 Pro - 1120$
    - 128 GB yaddaşa sahib Mate 50E - 575$
    - 256 GB yaddaşa sahib Mate 50E - 645$
    - 512 GB yaddaşa sahib Mate 50 RS Porsche Design - 1870$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər