
Huawei nova 10 və nova 10 Pro smartfonları təqdim edilib - QİYMƏTİ
Huawei şirkəti nova 10 adlı yeni smartfon seriyasını təqdim edib. Yeni smartfon seriyasına nova 10 və nova 10 Pro modelləri daxil olublar. Sözügedən smartfonlar xarici görünüşcə demək olar bir-birilərinə bənzəyirlər. Onlar sadəcə olaraq ön paneldən fərqlənirlər. Lakin texniki göstəricilər baxımından smartfonlar arasında bəzi fərqlər mövcuddur. Beləliklə adi nova 10 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.67 düym OLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Digər model olan nova 10 Pro-ya gəldikdə isə o, 60-120 Hz-lik təsvir yenilənməsinə sahib 2652x1200 piksel keyfiyyətli 6.78 düym OLED ekran ilə təchiz olunub. Ekranın yuxarı sol hissəsində isə ikili kamera üçün nəzərdə tutulmuş oval formalı çıxıntı yerləşdirilib.
Hər iki smartfonda barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib və hər iki smartfonda kontaktsız ödənişlər üçün NFC çipi mövcuddur. Qeyd etmək lazımdır ki, smartfonlarda mono səsgücləndiricilər yerləşdirilib. Həm nova 10 həm də nova 10 Pro 8 nüvəli Snapdragon 778G (5G dəstəksiz) prosessoru vasitəsilə çalışır. Onlar 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP + 8 MP (112 dərəcə bucaq əhatəsi, avtofokus) + 2 MP (makroobyektiv) üçlü arxa kamera ilə təchiz olunublar. Ön kameralar baxımından adi nova 10 modeli 60 MP-lik bir ədəd kameraya, nova 10 Pro modeli isə 60 MP (100 dərəcə bucaq əhatəsi) + 8 MP (2 qat optik zoom) ikili ön kameraya sahibdir.
Smartfonların arxa kameraları 10 qat rəqəmsal zoom funksiyasını dəstəkləyirlər və 4K keyfiyyətində videolar çəkə bilirlər. 4K formatında videoların çəkiliş imkanı həmçinin ön kameralar tərəfindən də dəstəklənirlər. Batareya mövzusuna gəldikdə nova 10 modeli 66 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh, nova 10 Pro isə 100 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonlar HarmonyOS 2.0.1 əməliyyat sistemi vasitəsilə çalışırlar. Bu smartfonlar 8 iyul tarixində Çin bazarında satışa çıxacaqlar. Onların digər regionlarda satışa çıxıb-çıxmayacaqları məlum deyil. Smartfonların Çin bazarındakı satış qiymətləri isə aşağıdakı kimi olacaq:
- 128 GB yaddaşa sahib nova 10 - 402$
- 256 GB yaddaşa sahib nova 10 Pro - 447$
- 128 GB yaddaşa sahib nova 10 Pro - 552$
- 256 GB yaddaşa sahib nova 10 Pro - 597$
Paylaş
Bənzər xəbərlər