Logo
    main-post-cover

    Huawei öz smartfonlarına mikroskopik kameranı inteqrasiya edəcək

    Cihazlar+
    13.10.2023
    Emil
         Studimo adlı saytın təqdim etmiş olduğu 48 səhifəlik PDF sənəddə Huawei şirkətinin mikroskopik kamerası barəsində məlumatlar əks olunub. Məlumatlarda qeyd edilib ki, Huawei şirkətinin bu cür kamerası mikroorqanizmləri görməyə imkan verəcək. Şirkət artıq sözügedən kamera texnologiyasını patentləşdirib. Lakin bu cür kamera necə çalışacaq və nəyə görə lazım olacaq? Güman olunur ki, mikroskopik kamera smartfonun əsas kamerası və süni zəka əsaslı computer vision sistemi ilə birgə çalışacaq.
         İlk öncə istifadəçi əsas kamera vasitəsilə müəyyən obyektin fotosunu çəkir. Daha sonra süni zəka əsaslı computer vision sistemi çəkilmiş fotodakı obyektləri təyin edir. Bu iki prosesdən sonra isə mikroskopik kamera aktivləşir və obyektin dərin analizi aparılır. Aparılmış dərin analiz nəticəsində aşkar edilmiş mikroorqanizmlər barəsində məlumatlar smartfon ekranında əks olunur. Süni zəka sistemi öz növbəsində obyektin hansı səviyyədə çirkli olduğundan və onu necə təmizləmək lazım olduğu barəsində məlumatları təqdim etməlidir.
         Məlumata əsasən mikroskopik kameradan bir neçə istifadə ssenarisi mövcuddur. Məsələn onun vasitəsilə uşaq oyuncaqlarının, stolun, əllərin, ev heyvanlarının, meyvələrin, tərəvəzlərin və digər qida məhsullarının nə dərəcədə çirkli olduqlarını təyin etmək olar. Məlumatda qeyd edilib ki, Huawei şirkətinin mikroskopik kamerasında zoom göstəricisi 200-400 qat olacaq. Sözügedən mikroskopik kameranın Huawei smartfonlarına nə zaman inteqrasiya ediləcəyi bilinmir.
    Paylaş