Humanoid robotlar ilk uğurlu əməliyyatı icra etdi
Kaliforniyada yerləşən University of California San Diego universitetinin alimləri tibbdə ilkə imza ataraq insanabənzər robotlarla canlı heyvan üzərində cərrahi əməliyyat həyata keçiriblər. Tədqiqatın nəticələri iyulun 8-də Nature jurnalında dərc olunub. Əməliyyat zamanı iki humanoid robot teleoperasiya üsulu ilə, yəni cərrahların məsafədən idarə etməsi sayəsində canlı donuzların öd kisəsini uğurla çıxarıb. Robotlar müstəqil qərar verməyib, bütün hərəkətlər əməliyyat masasının yanında yerləşən idarəetmə konsolundan təcrübəli cərrahlar tərəfindən həyata keçirilib.
Tədqiqatçılar robotu "Surgie" adlandırırlar. Onun əsasında Çinin Unitree Robotics şirkətinin hazırladığı Unitree G1 humanoid robotu dayanır. Təxminən 1,5 metr hündürlüyündə və 27 kiloqram çəkidə olan bu robot əslində tibbi məqsədlər üçün hazırlanmayıb. Alimlər standart humanoid robota xüsusi adapterlər quraşdıraraq onun laparoskopik cərrahiyyə alətlərini tutmasını təmin ediblər. Eyni zamanda cərrahın əl hərəkətlərinin robota dəqiq ötürülməsi üçün xüsusi proqram təminatı hazırlanıb.
Layihənin diqqətçəkən tərəfi robotun qiymətidir. Unitree G1 modelinin başlanğıc qiyməti təxminən 13 500 ABŞ dolları təşkil edir. Cərrahiyyə üçün lazım olan daha inkişaf etmiş robot əlləri əlavə olunduqda belə ümumi qiymət təxminən 67 min dollara çatır. Müqayisə üçün, hazırda bazarın lideri hesab olunan Intuitive Surgical şirkətinin da Vinci cərrahi robot sistemi 500 min dollardan bir neçə milyon dollara qədər qiymətə satılır. Bundan əlavə, həmin sistem təxminən 820 kiloqram ağırlığındadır və əməliyyat otağında xeyli yer tutur. Unitree G1 isə insan kimi hərəkət edə bildiyi üçün adi əməliyyat otaqlarında daha rahat istifadə oluna bilər.
Paylaş