main-post-cover

    İnsayderlər növbəti iPhone SE barədə məlumatlar veriblər

    Cihazlar+
    05.02.2021
    Emil Nəcəfov
        Keçən il təqdim edilmiş iPhone SE (2020) smartfonu performanslı texniki özəlliklər əldə etsə də artıq köhnəlmiş dizaynda reallaşdırılmışdı. İnsayderlərin verdikləri yeni məlumata əsasən isə Apple şirkəti növbəti büdcəli iPhone SE modelinin yaradılması zamanı smartfon dizaynının daha da müasirləşdirilməsinə diqqət ayıracaq. Çindən olan mənbələr bildiriblər ki, növbəti iPhone SE modeli adi iPhone 11-in dizaynını əldə edəcək. Güman olunur ki, smartfon 6.1 düym IPS ekran, iki ədəd 12 MP-lik kamera və A14 Bionic prosessoru ilə təchiz olunacaq. Lakin növbəti iPhone SE modelində 5G modem olmayacaq.
        Bununla yanaşı smartfon həm Face ID həm də Touch ID texnologiyası ilə təchiz olunmalıdır. Touch ID texnologiyasının yandırıb/söndürmə düyməsinə inteqrasiya olunacağı gözlənilir. Mütləq şəkildə Touch ID texnologiyasının smartfonda reallaşdırılacağının əsas səbəbi isə odur ki, hal hazırda dünyada mövcud olan vəziyyət ilə əlaqədar olaraq insanlar qoruyucu maskalardan istifadə edirlər və bu halda Face ID texnologiyasından istifadə etmək qəlizləşir. Bu səbəbdən bu il təqdim olunacaq iPhone 13 seriyasında da Touch ID texnologiyasının reallaşdırılacağı gözlənilir. Növhəti iPhone SE modelinin nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur.
    Linki kopyala